BAKI, 22 fevral — Sputnik. Ağdaşda baş verən yanğın zamanı bir nəfər ölüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə gecə saatlarında Ağdaş rayonunun Aşağı Ləki kəndinə baş verib. Anidən başlayan yanğın qısa zamanda geniş ərazini əhatə edib.
Dərhal əraziyə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin yanar konstruksiyaları 154 kvadratmetr sahədə və içəridəki əşyalar yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1935-ci il təvəllüdlü Həşimova Bəstə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi, ətrafda olan tikililər yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.
Samux rayonunda baş verən yanğında isə bir nəfər xəsarət alıb. Rayonunun Seyidlər kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.