BAKI, 21 fevral — Sputnik. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyanı axtarışa verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev KİV-ə müsahibəsində bildirib.
O bildirib ki, Ermənistanın keçmiş prezidentləri Koçaryan Robert Sedrakoviç və Sarqsyan Serj Azatoviç 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçiriblər:
Qeyd edək ki, Azərbaycan-Ermənistan müharibəsinin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar oldu. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.
Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.