BAKI, 21 fevral — Sputnik. Müharibədən hələ də soraq yoxdur, ancaq Ukrayna prezidenti artıq qəhrəmanlığa imkan tapıb. Məsələ burasındadır ki, amerikalı qəyyumları açıq-aşkar ona Münhenə, şənbə-bazar günü baş tutan təhlükəsizlik konfransına getməyi qadağan etmişdilər.
Halbuki Zelenski orada Avropa liderləri ilə görüşüb bir daha yəqinləşdirdi ki, onlar müharibə zad istəmirlər və Vaşinqton təpiklə onu cəbhəyə qovana qədər bu mövqedə qalacaqlar.
Ümumiyyətlə, yaxşı çıxmır axı: ölkə Rusiyanın "hücum" təhlükəsi qarşısındadır, Kiyevdən səfirliklər təxliyə olunur, prezident isə qaş-qabağını töküb zirehli jiletlə şəkil çəkdirmək əvəzinə, əfsanəvi Baueriş Xof hotelinə dincəlməyə gedir. Orada onu SPA xidməti, üzgüçülük hovuzu, üçulduzlu "Mişlen" restoranında nahar gözləyir. Həmin vaxt Ukrayna vətəndaşları, nədənsə, səngərlərdə donurlar.
"Bəlkə də, bu səfər (konfransa getmək-red.) bir o qədər də ağıllı seçim deyil", - Co Bayden deyib.
Ancaq Zelenski hər bir halda, öz sahiblərinin sözünə qulaq asmadan həftəsonu Münhenə cumub. Bunun qəhrəmanlıq olub-olmadığını bilmirik, amma hər halda cəsarətli addım sayıla bilər. Konfransda Ukrayna lideri eyni zamanda həm alovlu, həm də ehtiyatlı nitq söyləyib. Bir tərəfdən o xahiş edib ki, Rusiyanın "təcavüzü" mövzusunu çox qabartmasınlar:
"Ukraynaya, həqiqətən də, kömək etmək istəyirsinizsə, elə-hey gözlənilən hücumun tarixi barədə danışmayın".
Belə hiss olunur ki, həmin söhbətlər artıq onun tamam əsəblərini korlayıb. Amma digər tərəfdən, "hücum" mövzusunu qızışdıraraq nəhayət nə vaxt Ukraynanı Avropa İttifaqına və NATO-ya qəbul edəcəkləri barədə suala cavab tələb edib:
"Bizim üçün başqa tarixlər daha mühümdür. Özü də söhbətin hansı tarixlərdən getdiyi hamıya məlumdur".
O öz sualına cavab aldı, amma buna kimi başqa maraqlı hadisələr də baş verdi. NATO-nun baş katibi bəyan etdi ki, əgər Kreml öz sərhədində "daha az NATO" istəyirsə, o zaman "daha çox NATO" alacaq.
Və nə qədər paradoksal olsa da o, müharibəni alovlandıran belə açıq çağırışa görə Münhen konfransının ilk təşkilatçısı, əsl sülhməramlı, Avropanın təhlükəsizliyi üçün həqiqətən çox işlər görmüş insan olan Evald fon Kleyst mükafatına layiq görüldü.
İkinci Dünya müharibəsində Vermaxtda xidmət edən Evald fon Kleyst Almaniyanın ən tanınmış və kübar ailələrindən birinə mənsub idi. Hərbçilər, siyasətçilər, elm adamları, şairlər – onların nəslində daha kimlər yox idi ki! O cümlədən, Avropanın ən böyük dramaturqlarından biri olan Henrix fon Kleyst.
Kleyst ailəsi fəal şəkildə Hitlerə qarşı çıxırdı. Həm gənc Evald, həm də atası Stauffenberq sui-qəsdinin iştirakçısı olublar. Hadisədən sonra atası edam edilir, Evald isə möcüzə nəticəsində xilas oldu. Evaldın yaxın qohumu, alman tank qoşunlarına komandanlıq edən general feldmarşal SSRİ-də nasist cinayətkarı kimi tutularaq 1954-cü ildə Vladimir sentralında həlak olub. Kleyst ailəsinin Pomeraniyadakı mülkü isə müharibədən sonra Polşa ərazisinə düşüb.
Qeyri-standart həyat təcrübəsi bu alman aristokratını əsl sülhməramlıya çevirib. Onun təşkil etdiyi Münhen konfransı Amerika və Avropa elitaları üçün danışıqlar platformasına çevrilib. Soyuq müharibənin sonlarına kimi bu, həqiqətən faydalı təşəbbüs idi. Avropalılar qıvraq şəkildə SSRİ və ABŞ arasında manevr edərək nisbi müstəqillik əldə etdilər və qitədə münaqişələrin olmamasına nail oldular. Bəli, Avropa sülh şəraitində yaşayırdı. Silahsızlaşdırma prosesi uğurla davam edirdi.
Bununla belə, 90-cı illərdə amerikalılar bu meydançanı özəlləşdirməyə başladılar. Evald fon Kleyst bu işdən uzaqlaşdı və onun vəzifəsini paralel şəkildə Amerikanın "Boinq" korporasiyanın direktorlar şurasında da təmsil olunan Horst Telçik tutdu. Amerikalılar tədricən Köhnə Dünyanın nümayəndələrini tamamilə formalaşdırdılar və "Avropa təhlükəsizliyi" ilə bağlı öz nəzər nöqtələrini onlara aşıladılar. İraqla bağlı mövqelərinə məhəl qoymadan onları Belqradın bombalanmasına, hamını Liviyaya, Əfqanıstana sürüklədilər və s.
2000-ci illərin əvvəllərində Münhen konfransındakı ab-havanı NATO-nun ozamankı baş katibi Corc Robertson çox yaxşı əks etdirmişdi: "Don Ramsfeld (ABŞ-ın sabiq müdafiə naziri-red.) Terminator kimi bizim yanımıza qayıdaraq avropalılarla qəti şəkildə haqq-hesabı çürütmək niyyətini bildirdi".
Amerikalı himayədarlarından tam asılı vəziyyətdə olan Avropa elitasının bu alçaldıcı birtərəfli yanaşması Vladimir Putinin 2007-ci ildə Münhendəki çıxışında dəqiq vurğulanmışdı. Həmin an Avropa liderlərinin üzünü görməliydiniz! Rusiya prezidenti onlara bu cür yanaşmanın nə qədər təhlükəli olduğu barədə xəbərdarlıq etmişdi. Demişdi ki, gün gələcək amerikalılara Avropada müharibəyə başlamaq sərfəli olacaq və yerli liderlər bununla bağlı heç nə edə bilməyəcəklər.
Üstündən on beş il keçəndən sonra bunun məhz belə olduğunu söyləməyə heç ehtiyac da yoxdur. ABŞ Ukraynaya soxuldu və bu ölkəni Texas boyda cinayət anklavına çevirdi. Yerli nasistlər hər an ölkədə qırğın təşkil edə bilərlər, bunun nəticəsində yüz minlərlə qaçqın Avropaya axışacaq. Anklavın başçısı indi Budapeşt razılaşmasına əməl etməmək bəhanəsi ilə nüvə silahı ilə vurmaqla hədələyir. Avropa isə bütün bunları səssizcə izləməyə məcburdur.
İndi isə ABŞ Münhen konfransından istifadə edərək, Avropa elitalarını Ukraynada özlərinin təşkil etməyə çalışdıqları qanlı qırğına cəlb edirlər. Münhen-2022-nin əsas süjeti Rusiyanın bədnam "işğal" idi.
Natiqlər bir-birinin ardınca bəyan etdilər ki, Rusiya "əslində" qoşunlarını Ukrayna sərhədindən çəkməyib. Donbasdakı bütün partlayışlar yenə də Rusiyanın "təxribatı"dır. Bəs qadın və uşaqların "DNR" və "LNR"-dən təxliyəsi? Bu da təxribatdır. Putinin nə deməsindən asılı olmayaraq, tezliklə Rusiya, şübhəsiz ki, Ukraynanı işğal edəcək və sonra bu işğalın əvəzini tam ödəyəcək.
Ən aqressiv çıxış edən Böyük Britaniyanın baş naziri Boris Conson oldu. "Biz Estoniyadakı mövcudluğumuzu ikiqat artırmışıq, Polşada və Cənub-Şərqi Avropanın hava məkanında mövcudluğumuzu artırdıq, Kiprə altı "Tayfun" qırıcısı, Şərqi Aralıq dənizi və Qara dənizə hərbi gəmilərimiz göndərdik. 2014-cü ildən bəri Ukraynaya kömək etdiyimizə görə, orada 22 min əsgərə təlim keçdiyimizə və 2000 tank əleyhinə raket göndərdiyimizə görə qürur duyuram. Əgər Rusiya dinc və məsum Ukrayna xalqına qarşı güc tətbiq etsə, bizim marağımızdadır ki, Rusiya məğlub olsun və hamı bunu görsün", – deyə o bəyan etdi.
Consonun bəlağətli nitqi hətta Kamala Harrisi də üstələdi. ABŞ vitse-prezidenti Rusiyanı əsasən iqtisadi sanksiyalarla hədələyirdi və Amerika müdaxiləsinin hərbi sərhədlərini çox diqqətlə müəyyənləşdirirdi: NATO-nun şərq cinahını gücləndirmək, vəssalam.
Harrislə alman diplomatı, Münhen konfransının sədri Volfhanq İşinger arasında da maraqlı dialoq baş tutdu. Əgər onların söhbətini diplomatik dildən tərcümə eləsək, İşinger ABŞ vitse-prezidentindən soruşdu ki, ABŞ-da hakimiyyətə "yeni Tramp" gələrsə, Amerikanın Avropa siyasəti dəyişməyəcək ki?
Axı, respublikaçıların bu ilin noyabrında demokratları Konqresdən çıxaracaqlarına və üç ildən az müddətdə Trampı (və ya Tramp 2.0) hakimiyyətə gətirəcəklərinə heç kimin şübhəsi yoxdur. Və hakim partiyanın dəyişməsi Vaşinqtona müttəfiqlərinə atmaq üçün böyük imkanlar verir. Biz hamımız amerikalıların razılaşmalara necə yanaşdıqlarını yaxşı bilirik. Əvvəl İran müqaviləsini bağladılar, sonra Tramp gəlib onu ləğv etdi, indi yenidən müzakirə etməyi təklif edirlər, üç ildən sonra, bəlkə də, yenidən ləğv edəcəklər.
Bu gün avropalıların əsas narahatlığı ondan ibarətdir ki, Vaşinqton onları Rusiya ilə genişmiqyaslı konfliktə sürükləyəcək, sonra isə qəfil gedib başqa işlərlə məşğul olmağa başlayacaq. Bəs onda necə olsun? Xanım vitse-prezident cavab verdi ki, belə bir şey olmayacaq, həm respublikaçılar, həm də demokratlar Rusiyaya qarşıdırlar və ölkədə bu məsələ ilə bağlı tam, əbədi ikipartiyalı konsensus hökm sürür. O, başqa nə deyə bilərdi? Deməli idi ki, bəli, lazım gələrsə, ikinci, özü də daha böyük Əfqanıstan yaratmaqdan çəkinməyəcəyik?
Daha sonra İşinger Amerika avantürasının (o daha nəzakətlə ifadə etmişdi) Avropada bütün təhlükəsizlik sisteminə son qoyacağını bildirərək Rusiya ilə problemin diplomatik həllinin olub-olmadığını soruşub: "Biz Rusiya haqqında Rusiyanın özü ilə danışa bilmərik?"
Kamala Harris isə cavab verdi ki, o, diplomatiyaya sadiqdir, amma Rusiya Ukraynaya hücum edərsə, müharibədən qaçmaq olmaz və avropalılar bununla mübarizə apara bilməzlər.
Münhen konfransı NATO-ya üzv dövlətlərin birliyini bütün dünyaya nümayiş etdirməli idi. Amma məlum oldu ki, onlar yalnız bir məsələdə yekdildirlər: onların heç biri Kiyevə kömək üçün öz qoşunlarını göndərmək fikrində deyil. Bununla belə, onların hamısı (əlbəttə ki, təkidin səviyyəsində müəyyən fərqlə) Zelenskini – hər şeyi öz adı ilə çağırmaq lazımdır – hərbi cinayətlərə sövq edir.
Onlar Kiyevdən kimyəvi silahdan istifadə, dinc əhalinin bombalanması, həmvətənlərinin qətlə yetirilməsi kimi dəhşətli təxribatlar gözləyirlər. Ukrayna rejiminə istənilən vəhşiliyə görə əvvəlcədən indulgensiya verilib. Almaniya kansleri Olaf Şolts deyib ki, Putinin Donbassdakı soyqırımla bağlı sözləri "sadəcə gülüncdür".
Bununla belə, Zelenskiyə NATO əsgərləri üçün heç bir vəd verilməyib. Avropa və Amerika ubermenşləri hərbi bazalarda pivə içəcək və Ukrayna ubermenşlərinin Şərqdə necə öldüklərini televiziyadan izləyəcəklər. Zelenskini Haaqa məhkəməsinə aparanda isə onun keçmiş himayədarları özlərini elə göstərəcəklər ki, guya bunun onlara heç bir dəxli yoxdur və o, hər şeyi səhv başa düşüb.
Ukraynanın NATO-ya qəbul olunması məsələsinə gəlincə, Zelenski hər bir halda öz suallarına cavab aldı. Almaniya kansleri Olaf Şolts ona birmənalı şəkildə cavab verdi: Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil və yaxın gələcəkdə də müzakirə olunmayacaq".
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu yaxınlarda Şimali Atlantika Alyansına iyunda keçiriləcək Madrid sammitində Ukrayna və Gürcüstanın NATO-ya qəbulundan imtinanı rəsmiləşdirməyi tövsiyə edib. Göründüyü kimi, avropalı tərəfdaşlar bu siqnalı eşidib təşvişə düşüblər. İndi yalnız Madriddəki yekun sənəddə Almaniya kanslerinin mövqeyini (şübhəsiz ki, Köhnə Dünyanın liderlərinin əksəriyyəti bununla razılaşır) rəsmiləşdirmək və möhkəmləndirmək qalır. Onda hamının işi düzələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.