BAKI, 21 fevral — Sputnik. Bir müddət əvvəl Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyə qardaşlığına həsr olunan filmlə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında rejissor Selahattin Sancaklı, aktyor Ertuğrul Şakar, prodüser Yalçın Çoban və "Eslem Film"in rəhbəri Metin Yücel iştirakı ediblər.
Filmin rejissoru Səlahəddin Sancaklı bildirib ki, film və serial Şuşada lentə alınacaq. Məqsəd haqlı savaşımızı və şanlı qələbəmizi dünyaya çatdırmaqdır. Bu məsələ Azərbaycan kinematoqrafçılarının arasında fikir ayrılığı yaradıb. Bəzisi bunu aqlışlasa da, bəzisi buna qarşı çıxıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bu addımı müsbət qiymətləndirdiyini söylədi:
Küçədə kamera
© AP Photo / Gregorio Borgia
"Türkiyə kinematoqrafçıları tarixi filmlərin çəkilişində, batal səhnələrə (Batal janrı - təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr – red.) quruluş vermək baxımından daha təcrübəlidirlər. Bizim təcrübəmizlə Türkiyə təcrübəsinin sintezindən maraqlı filmlər ərsəyə gələ bilər. Digər tərəfdən, Türkiyə kinematoqrafiyası dünya modelini mənimsəyib uğurla təkmilləşdirir. Ən azı bizim kinematoqrafçılarımız Türkiyə həmkraları ilə təcrübə mübadiləsi edərək daha ciddi işlər ortaya qoya bilərlər. Onlar kino sənayesində inkişaf etmiş ölkələrin modelinə əsaslanıb istehsalat münasibətləri baxımından daha irəlidədirlər. Bu baxımdan da bizim kadrlar təcrübə yığa, ciddi nəticələr əldə edə bilərlər".
Kinotənqidçi Sevda Sultanova isə bildirir ki, "Kurtlar vadisi"ni çəkən rejissor Şuşa haqqında film çəkə bilməz:
"Ümumiyyətlə, tarixi filmlər elədir ki, onu ancaq öz rejissorlarımız çəkə bilərlər. Bütün hallarda istər-istəməz genetik kodlar var. Bir türk gəlib sənin yaşadığın ağrını yaşaya bilməz. Çünki, o bu ağrını yaşamayıb. Məsələn, "Əli və Nino" tarixi film deyildi, amma müəyyən dövrü əks etdirirdi. Lakin film uğursuz oldu. Mel Gibsonu da gətirsək, Şuşa haqqında film çəkə bilməz. "Alparslan: Büyük Selçuklu" serialını çəkirlər. Texniki baxımından əla olsa da, aktyor oyunu və rejissor işi çox zəifdir".
Aydın Kazımzadə
© Sputnik / Kamal Almuradlı
Sevda Sultanovadan fərqli olaraq, kinoşünas Aydın Kazımzadə bu fikri dəstəkləyir:
"Bizimkilərdə saxta vətənpərvərlik çox yüksəkdir. Türklər gəlib çəkmək istəyirlər, əcəb edirlər. Çəkə bilirdilərsə, çəkərdilər də. Əl-qolunuzu bağlayan var? Siz onlardan qabaq ssenari ortalığa qoyardınız. 2 ilə yaxındır, hanı nəticə? Bizimkilərdə bir xarakter var. Xarici ölkədən kimsə gəlib nəsə bir addım atsa, o saat başlayırlar ki, "bizimkilər ölüb ki?" Gəlin etiraf edək ki, bizimkilər yatıb. Müharibə vaxtı göydə PUA-lar (Pilotsuz uçuş aparatı) uçanda niyə səsiniz çıxmırdı? Müharibə bitdi, indi başlayıblar ki, "türklər bizim dərdimizi anlaya bilməz".
"Çırmanarıq keçməyə çay gəlməmiş, başlayırıq qızmağa yay gəlməmiş"
"Allah rəhmət eləsin Sabirə. O deyərdi ki, "Çırmanarıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş. Söz veririk indi - bir ay gəlməmiş,". Bizimkilər bir addım atmamış, elan verirlər. Sonra o məsələ unudulur. Yalandan televiziyada, saytlarda dedilər ki, filan azərbaycanlı rejissorun filmi "Oskar"a qəbul olundu. Hanı nəticə? Onlar anlamırlar ki, sabah mən də film çəkib "Oskar"a təqdim edə bilərəm. Birinci mərhələdə mənim də filmimi qəbul edəcəklər. Ondan sonra geri qaytarırlar. Sənin "Oskar"a çıxmağın üçün gərək başın da "Oskar" olsun. Eləcə müharibə filmləri ilə bağlı da danışırdılar. Hələ heç nə ortalıqda yoxdur" - A.Kazımzadə bildirdi.
Türklər filmə girəndən sonra nələr baş verir?
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun fikrincə, Qarabağ mövzusunda olan filmlərimizin təbii və təsirli alınması üçün azərbaycanlı rejissor çəkməlidir. Onun fikrincə, əgər Türkiyə Azərbaycan kinosuna investisiya qoymaq istəyirsə, gəlsinlər. Türkiyə kinematoqrafçıları Azərbaycan kinematoqrafçıları ilə birgə işləmək istəyirlərsə, buyursunlar:
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
© Sputnik / Murad Orudjev
"Müharibədə Türkiyə çox böyük dəstək oldu. Əgər türk hərbçisi obrazını yaradacaqlarsa, gəlsinlər. Amma filmi azərbaycanlılar çəkməlidirlər. Necə ki, İtaliya mafiyası haqqında ən yaxşı filmləri italyanlar çəkir, bu mövzunu da ən yaxşı azərbaycanlılar çəkə bilərlər. Mütləq bu filmdə azərbaycanlı daha çox olmaldır. Təcrübə göstərir ki, türklər müştərək filmə girəndən sonra, öz partnyorlarını layihədən uzaqlaşdırırlar. Bu sırf onların işinə çevrilir".
Cabbarovun fikrincə, Azərbaycan büdcəsinə çəkilmiş film, bu ölkənin problemlərini, dərd-sərini, mentalitetini göstərən kino olmalıdır:
"Götürək rejissor "Mahmud və Məryəm " filmini. O filmi Azərbaycan filmi adlandıra bilmərik. Halbuki, o filmdə Azrbaycan tərəfi iştirak edib. Sabah bizə "Kurtlar vadisi"nin pis nüsxəsi lazım deyil. Azərbaycanın zəngin kino ənənəsi var. Azərbaycan kinosu formalaşanda, orada kino həvəskar formatda çəkilirdi. Döyüş səhnələrinin çəkilməsi kömək etmək istəyirlərsə, bu çox yaxşıdır. Məsələn, Türkiyə vətəndaşı olan ermənilər var. Onlar gəlib burada erməni obrazını yarada bilərlər. Amma "biz çəkə bilmirik, qoy onlar gəlib çəksinlər" deyən insana etiraz etmək lazımdır. "Nabat"ı, "Fəryad"ı, "Hər şey yaxşılığa doğru"nu azərbaycanlılar çəkib. "Kurtlar vadisi" populyar serial ola bilər, amma sənət dəyəri çox aşağıdır".
Qeyd edək ki, filmin çəkilişlərinə iyul ayında başlanılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.