BAKI, 20 fevral - Sputnik. Azırbaycanın aparıcı qadın karateçisi İrina Zaretska növbəti qələbəyə imza atıb.
Azərbaycan Milli Olimpiya Komitəsindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirində qadın karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
68 kq-da çıxış edən idmançımız finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.
Qeyd edək ki, yanvarın 23-də İrina Zaretska "Paris Open 2022" turnirində gümüş medal qazanıb.
61 kq çəkidə çıxış edən idmançımız final görüşündə fransalı Alizye Ajye 4:2 hesabı ilə məğlub olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.