Hər bir Azərbaycan vətəndaşını hər gün qarşılaşdığı bahalaşma düşündürür. Sputnik Azərbaycan-ın qiymət artımı ilə apardığı araşdırma maraqlı faktları ortaya çıxardıb. 2022-ci ilin yanvarında hər bir ölkə sakini orta hesabla 361,7 manatlıq mal alıb. Bunun 199,1 manatı ərzağa, içki, tütün məmulatına, 162,6 manatı isə qeyri-ərzaq mallarına xərclənib.
Nəyə əl atsan, bahalaşıb
Ötən ilin yanvarında isə bir ölkə sakini orta hesabla 316,3 manatlıq mal almışdı. Bunun 166,9 manatı ərzağa, içki, tütün məmulatına, 149,4 manatı qeyri-ərzaq mallarına xərclənmişdi. Bir sözlə, 2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakinin orta aylıq xərci 45 manat 40 qəpik və ya 14.35 faiz artıb.
Ötən ilin payızından başlayan bahalaşma hər sahəyə təsir edib. Süd satan südünün, qatıq satan qatığının, yumurta satan isə yumurtasının qiymətini artırıb. Nəyə əl atsan, bahalaşıb. İqtisadçı ekspertlər Azərbaycan bazarındakı kəskin bahalaşmanı dünyada gedən proseslərlə əlaqələndirirlər. Dünya bazarında son iki ildə yaşanan durğunluqdan sonra iqtisadi canlanma hiss edilir. İstehsalat yüksəlir deyə həm neftin, həm qızılın, həm də bir sıra xammalın qiyməti yüksəlir. Azərbaycan neftinin qiyməti artıq 100 dolları ötüb.
Bir istehsalat dayandısa...
Koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu zərbənin təsirini hələ uzun müddət duyacağıq. Bir istehsalat dayandısa, sonradan onu bərpa etmək olduqca çətindir. Əlaqələr qırılır, proses dayanır, yenidən nəyisə işə salmaq çətinləşir. Elə bir neçə il öncə kərə yağının Azərbaycan bazarında kəskin bahalaşmasını müşahidə etmişdik. Bu proses kərə yağının əsas istehsalçılarından olan Avropa Birliyində məhsulun istehsalının azaldılmasına bağlı olub. Həmin istehsalı bərpa etmək üçün haradasa bir neçə il tələb olundu.
Bahalaşmanın hərdən üzdən gülməli görünə biləcək səbəbi də olur. Məsələn, hər il yanvar-fevral aylarında Çin faktoru üzə çıxır, dünya bazarında qiymət artımına təsir edir. Haradasa yanvarın sonundan başlayaraq fevral ayının bir hissəsini əhatə edən Çin Yeni il bayramı dövründə bu ölkədə həyat donur, istehsalat bağlanır. Hamı istirahət edir. Kimi iki həftə, kimi isə bir ay. Həmin bu dövrə bir sıra aparıcı birja öncədən hazırlaşır, qiymət artımı isə qaçılmaz olur.
Yükdaşıma problemi
Amma hazırda həm Azərbaycanda, həm də dünyada müşahidə olunan bahalaşmanın ən ciddi səbəbi məhz yükdaşımada yaranan problemə bağlıdır. Yəni istehsalatı pis-yaxşı yenə düzüb-qoşmaq olur, amma malı bir məkandan digərinə çatdırmaq xeyli çətinləşib. Həm çatdırma xərci artıb, həm də bir sıra əsas yükdaşıma terminalında tıxac yaranıb.
Yükdaşımalarının bir ölkədən digərinə hərəkətinin təkmilləşməsi məsələsi günümüzdə ən aktual məsələdən biridir. Əsas səbəb isə pandemiya dövründə dünya iqtisadiyyatının zəifləməsi, iqtisadi artım tempinin azalmasına bağlıdır.
Doğrudur, bu gün artıq tədricən dünya birliyi iqtisadi problemlərinin öhdəsindən gələ bilir, amma həm Azərbaycanda, həm də dünyada müşahidə edilən qiymət artımı təkcə iqtisadi amillərə söykənmir. Psixoloji baryerləri də dəf etmək məsələsi var. Nəticədə bahalaşma daha çox ərzaq məhsullarında özünü büruzə verib. Son on ildə dünyada ərzağın qiymətində artım rekord göstəriciyə çatıb.
Yükdaşımanın ən effektiv və ucuz vasitələri dəmiryol nəqliyyatı və gəmiçilikdir. Yəni təyyarə və yük maşınları ilə mal daşımaq olar, amma ümumi göstəriciyə elə də ciddi təsir etməyəcək. Əgər dəmiryolda və ya gəmiçilikdə problem varsa, istənilən başqa vasitələrlə yükün çatdırılmasındə həm fasilə yaranacaq, həm də qiymət artımı müşahidə olunacaq.
Bu gün gəmi ilə yükün daşınmasında bir neçə il əvvəl mümkünsüz olan növbə və tıxac yaranıb. Gəmiçilik hələ də özünə gələ bilməyib və ciddi böhran yaşayır. Dəmiryol nəqliyyatı da bir sıra halda gəmiçilikləbağlı olduğuna görə yükdaşımada gecikmənin faizi yüksəlib. Hər gəminin bir neçə gün limanda artıq qalması ciddi duyulacaq cərimə deməkdir, bu cəriməni də sonda adi vətəndaş ödəməli olur, malın qiymətinin bahalaşması səbəbindən. Amma problemi hələlik qlobal miqyasda həll etmək mümkün deyil.
Gəmi sayı kifayət deyil, vaqon çatışmazlığı duyulur
Dünyada həm ümumi yükdaşımada qiymət artımı var, həm gəmi sayı kifayət deyil, həm də vaqon çatışmazlığı duyulur. Nəqliyyat xərcinin artmasının Azərbaycanın tikinti bazarına da təsiri açıq-aydın sezilir. Materialın gətirildiyi ölkədən və növündən asılı olaraq avtomobil nəqliyyatı ilə logistika xərcləri 10-25%, dəmir yolu ilə 20-90% artıb. Şüşə üçün son qiymətdə daşınma dəyəri 10-20%, istilik izolyasiyası üçün - 20-30%, sement üçün 30-40%, qeyri-metal materialları üçün isə 50-90% təşkil edir.
Bəzi tikinti materialları olduqca bahalaşıb. Son bir ildə mismar, armatur təxminən iki dəfə qiymətdə artıb. Taxtanın kubu isə 230-240 manatdan 500 manatadək bahalaşıb. Ən az bahalaşan mallarda belə 30-40 faiz artım duyulur. Qiymətin belə yüksəlməsi əslində tikinti sahəsinə ciddi ziyan vurur, həm əhali, həm də iri tikinti şirkətləri hər hansı bir böyük işin altına girməkdən qaçır. Fərdi evlərin tikintisi faktiki olaraq dayanır, ikimərtəbəli binaların inşası isə dondurulur.
Nazir “Ro-Ro” tipli gəmilərlə daşımaları artırmağı təklif edib
Əlbəttə, həm Azərbaycan, həm də regional ölkələr vəziyyətdən çıxış yolu axtarırlar. Bir müddət öncə onlayn keçirilən 11-ci ECO Nazirlər Konfransında çıxış edən İranın avtomobil yolları və şəhərsalma naziri Rüstəm Qasemi Xəzər dənizində “Ro-Ro” tipli gəmilərlə daşımaların artırılmasının əhəmiyyətini vurğulayıb. İranlı nazir dünya okeanına birbaşa çıxışı olmayan ölkələrin limanlardan yararlana bilməsi üçün İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında “ECO GATE” adlı layihənin icrasının sürətləndirilməsinin vacib olduğunu qeyd edib. Qasemi bildirib ki, daşımaları artırmaq üçün hökumət, aktiv gəmiçilik şirkətləri və gəmi inşa edən şirkətlərin nümayəndələrindən komitə yaradılmalıdır.
Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycandan əlavə, İran, Pakistan, Türkiyə, Əfqanıstan və 5 Orta Asiya dövləti daxildir. “Ro-Ro” tipli gəmi deyəndə avtomobil, ağır yük nəqliyyatı, dəmiryol vaqonları daşımağa imkan verən gəmilər nəzərdə tutulur. Yəni bu tip gəmiyə birbaşa dəmiryol vaqonunu yerləşdirib Xəzər dənizinin bu başından o başına rahatlıqla yollamaq olar. Belə gəmilər həm də kifayət qədər sərnişin daşıya bilir.
Qaseminin məhz “Ro-Ro” tipli gəmilərlə daşımaları artırmaq təklifi heç də təsadüfi deyil. Dünyanın hər yerində bu gün yükdaşıma problemlərinə yönələn diqqət birə-on artıb. Məsələn, elə təzəliklə Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq yükdaşımaları zamanı yaranan çətinliklərin vaxtında və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının tərkibində Alt komissiya yaradılıb.
Dünya bazarı nə vaxt stabilləşəcək?
Nəqliyyat infrastrukturunun düzgün idarə olunması, ölkələrarası yükdaşımaların səmərəli qurulması hansısa bir dövlətin həll edə biləcəyi məsələ deyil. Burada tərəflər mümkün vasitələrlə mövcud problemlərin birgə həllinə çalışmalıdırlar.
Bahalaşmanın sonu olacaqmı? Dünya bazarı nə vaxt stabilləşəcək? Hər bir böhranın yaranma, dərinləşmə, azalma və sona yetmə mərhələsi var. Hazırkı böhran koronavirus pandemiyasına bağlı olduğuna görə artıq tədricən prosesin səngidiyini müşahidə edirik. Nəqliyyat sahəsində stabilliyin tezliklə baş verəcəyini də düşünmək sadəlövhlük olardı. Bu gün həm maraqlı olan dövlətlər, həm də nəhəng korporasiyalar logistika xərclərinin azaldılmasında maraqlıdır. Ekspertlər artıq 2023-cü ildə ciddi iqtisadi artımın olacağını deyirlər. Ümid edək, nəqliyyat sahəsində də stabilləşməni görmək bizə qismət olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.