VİDEO

Şamaxıda qədim türbələr dağılır - Video

Şamaxının şəhər mərkəzindən cəmi 6 km aralıda yerləçən Kələxana türbələri Azərbaycanda yeganə olmasa da,unikal abidələrdən hesab edilir.
Sputnik
Şamaxıda yerləşən Kələxana adlanan türbələr kompleksi dağılmaq təhlükəsi ilə üz-üzədir. Olduqca baxımsız vəziyyətdə olan abidənin bərpaya ehtiyacı var.
Şamaxının şəhər mərkəzindən cəmi 6 km aralıda yerləçən Kələxana türbələri Azərbaycanda yeganə olmasa da, unikal abidələrdən hesab edilir. Yerli sakinlər deyir ki, əsrlərə şahidlik etmiş bu türbələr indi göz görə-görə məhv olur.
Kələxana kəndi ərazisində olan eyni adlı türbələrin sayı bir vaxtlar 9 olsa da, təəssüflər olsun ki, onlardan ikisi dağıdılıb. Bir türbə isə dağılma təhlükəsi ilə üz-üzə qalıb. Kənd sakinləri hesab edirlər ki, yaxın vaxtlarda türbələr ətrafında təmir, bərpa və konservasiya işləri görülməzsə, ilin bütün fəsillərində turistlərin gəldiyi bu ərazi tədricən xarabalığa çevrilə bilər.
Kələxana kənd sakini Qəzənfər Əliyev deyir ki, adıçəkilən türbələr bizə babalardan qalan mirasdır, tarixdir, memarlıq abidəsidir:
"Bura dünyanın dörd bir yerindən, eləcə də ölkəmizin hər tərəfindən qonaqlar gəlir. İndi o qonaqlar buranı belə görməlidir? Əgər bu türbələr bərpa edilib normal hala salınsa, həm tariximiz məhv olmaz, həm də gələn qonaqlar xoşagəlməz mənzərənin şahidi olmazlar".
Kənd sakinlərinin sözlərinə görə kompleksdə bu günə qədər cəmi bir dəfə, Sovet dövründə bərpa işləri aparılıb. O vaxtdan bu ərazidə nə restavrasiya nə də qazıntı işləri aparılıb. Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan Kələxana türbələrinin yalnız birinin üzərində kitabə qalıb. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilib.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli deyir ki, bu abidə XIV-XVI əsrlər Xəlvətilik Sufi məktəbinə məxsus türbələrlə oxşardır. Fərqləndirici əlahiddə bir elementinə rast gəlinmir. Sonralar əlavə olunan bəzi tikililər var ki, bu da türbələrlə yanaşı həmin ərazidə başqa tarixi binaların da olduğunu deməyə əsas verir:
"Hesab edirəm ki, kompleksinin daha detallı araşdırılmasına ehtiyac var. Bu türbələr təkcə XVII əsrə aid deyil. Bunlar əvvəlki dövrdən üzü bəri gəliblər, ən sonuncularından biri XVII əsrə aid ola bilər. Mən düşünürəm ki, XV əsrə, XVI əsrə, XVII əsrə aid həmin mərkəzin şəxsiyyətləri, kimlər ki, o mərkəzləri idarə ediblər, onların dəfn olunduğu türbələrdir. Təəsüf ki, birinin üzərində yazi qalıb. Digərləri isə, bilirsiz ki, o zaman yaxınlıqda qeyri müsəlmanlar da yaşayırdılar - onların da təsiri ilə bu türbələr dağıdılıb. İndi yox, 1920-ci ildə".
Türbələrdən yeddisinin tam olaraq, bəzilərinin isə müdafiə divarlarının qalıqları dövrümüzə qədər çatsa da, zaman keçdikcə abidələr eroziyaya uğrayaraq yarasız hala düşür. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsinin, Şamaxı bölgəsi üzrə abidə mühafizəçisi, baş mütəxəsis Yasin Nuruyevin sözlərinə görə Şamaxı rayon ərazisində bir neçə bərpa edilməsi nəzərdə tutulan memarlıq abidəsi var ki, onlardan biri də məhz Kələxana türbələridir. ilkin mərhələdə sözügedən bu ərazilərdə işlərə start veriləcək.
Yasin Nuruyev "Kələxana türbələr kompleksi dövlət tərəfindən tam nəzarətə götürülüb:
"Yaxın müddətdə burada arxeoloji qazıntı işlərinin aparılması gözlənilir. Arxeoloji qazıntıdan sonra bərpa konservasiya işlərinə start veriləcək. Bundan sonra türbələr əvvəlki halına qaytarılacaq".
Qeyd edək ki, Şamaxıda dövlət tərəfindən qorunan 102 tarixi abidə var. Bunlardan 75-i invertar nömrəli, 27-si isə yeni aşkar edilən tarixi-mədəniyyət abidələridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Nazirlikdən UNESCO-nun missiya göndərməsinə münasibət
Pirsaat Baba ziyarətgahının bərpadan sonra açılışı olub
“Tikdirdim atam üçün, bəzətdirdim anam üçün” - Beyləqandakı Seyid Ağa türbəsi