CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ və Şərqi Zəngəzurda "Yaşıl Enerji Zonası"

Konsepsiya çərçivəsində əhalinin məskunlaşması və iqtisadi inkişaf ssenarilərindən asılı olaraq enerji təchizatı variantları dəyərləndirilib.
Sputnik
BAKI, 16 fevral — Sputnik. Yaponiyanın TEPSCO şirkəti "İşğaldan azad edilmiş ərazilərdə "Yaşıl Enerji Zonası" Konsepsiya sənədini hazırlayaraq hökumətə təqdim edib. Sputnik Azərbaycanın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.
Bildirilir ki, konsepsiya çərçivəsində əhalinin məskunlaşması və iqtisadi inkişaf ssenarilərindən asılı olaraq enerji təchizatı variantları dəyərləndirilib.
Bundan əlavə olaraq, ərazinin enerji potensialı nəzərə alınmaqla tətbiq ediləcək müxtəlif yaşıl texnologiyalar üzrə təhlillər aparılıb. Konsepsiya çərçivəsində müəyyən edilərək təklif edilmiş ssenari üzrə daha təfsilatlı təhlil və təklifləri özündə əks etdirəcək Baş Plan sənədinin 2022-ci ilin birinci yarısında hazırlanması nəzərdə tutulur.
"Yaşıl enerji zonası"nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində, işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə, habelə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində məhz "yaşıl" enerji layihələrinə üstünlük verilir. İlkin qiymətləndirməyə əsasən, ərazinin günəş enerjisi potensialı 7 200 MVt və külək enerjisi potensialı 2 000 MVt olaraq müəyyən edilib.
Bildirilir ki, Kiçik Su Elektrik Stansiyalarının (KSES) tədqiqi üçün Qubadlı, Laçın, Kəlbəcər rayonlarına təşkil edilib, çoxsaylı ekspedisiyalarda işğaldan azad edilmiş (o cümlədən sülhməramlıların yerləşdirildiyi ərazilər də daxil olmaqla) ərazilərdə 156 MVt-ı (41 ədəd) KSES-ləri olmaqla ümumilikdə gücü 241,3 MVt olan 45 stansiya müəyyən olunub.
"Məlum olub ki, 34 stansiyanı işğalçılar əraziləri tərk edərkən yararsız hala salıb. KSES-lə bağlı əksər stansiyaların su qəbuledici hissəsi, generator binasının koordinatları və müvafiq olaraq su basqısının hesablanması üçün hündürlük fərqləri müəyyən edilib", - hesabatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
"Yaşıl iqtisadiyyat"a keçid mümkün olacaq
Azərbaycanda energetikaya dair yenilik olacaq