BAKI, 16 fevral — Sputnik. Azərbaycanda psixi pozuntusu olan şəxslər tərəfindən 2020-2021-ci illərdə 14 qəsdən adamöldürmə hadisəsi törədilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, 2020-ci ildə törədilmiş 159 qəsdən adamöldürmə hadisəsinin 11-ni, cari ildə törədilmiş 156 qəsdən adamöldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədiblər.
Qeyd edək ki, cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxsin psixi pozuntusu özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaratdıqda həmin şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün toplanmış iş məhkəməyə göndərilir.
Məhkəmənin qərarı ilə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlərdən biri təyin edilir.