QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dünyanın tanınmış səyyahları Şuşada

Səyyahlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər
Sputnik
BAKI, 16 fevral — Sputnik. Xocalı soyqırımının 30 illiyi ərəfəsində 21 ölkədən olan tanınmış səyyahlar işğaldan azad edilmiş ərazilərə səfəri Şuşa şəhərini ziyarətlə başlayıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Səyyahlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər. Dünya şöhrətli fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı şahidi olduğu hadisələri qonaqlara danışıb, Şuşa şəhərinin erməni işğalından əvvəlki və sonrakı vəziyyəti haqqında səyyahlara məlumat verib.
Ziyarətçilər daha sonra Yuxarı Gövhərağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyi ziyarət olunub. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.
Səfər iştirakçılarının Şuşada son dayanacağı Cıdır düzü olub. Onlar Cıdır düzündən açılan gözəl mənzərəni seyr ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.