AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda içməli sudan keçən xəstəliklərin sayı azalıb: Nazirlik səbəbi açıqladı

Su ilə keçən infeksion xəstəliklər Bakıda və regionlarda azalma səviyyəsindədir. Su ilə keçən bəzi xəstəliklər uzun illərdir rast gəlinmir.
Sputnik
BAKI, 16 fevral — Sputnik. "İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" milli dövlət standartı hazırlanıb. İşçi qrupu da yaradılıb, suda kimyəvi maddələr, bakteroloji və digər göstəricilər araşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə deyib.
Nazirlik rəsmisi bildirib ki, həmin standartlar Avropa standartlarına uyğunlaşdırılıb.
L.Tağızadə əlavə edib ki, Azərbaycanda suda orqanik keyfiyyət çox vaxt yaxşı olmur: "Hazırda ölkənin 26 rayonunun 483 kəndində lokal təmizləyici qurğular fəaliyyət göstərir. Hazırda 13 rayonda mərkəzləşdirilmiş su təchizatı təmin olunub. Ölkədə suyun keyfiyyəti yaxşıdır. Su ilə bağlı bir sıra infeksion xəstəliklər qeydə alınmayıb".
İçməli su vasitəsilə keçən infeksion xəstəliklərlə bağlı vəziyyət stabildir
Leyla Tağızadə deyib ki, içməli su vasitəsilə keçən infeksion xəstəliklərlə bağlı vəziyyət stabildir.
Onun sözlərinə görə, su ilə keçən infeksion xəstəliklər Bakıda və regionlarda azalma səviyyəsindədir: "Su ilə keçən bəzi xəstəliklər - vəba, qarın yatalağına uzun illərdir rast gəlinmir. Bəzi xəstəliklər isə 10 illərdir müşahidə olunmur. Hazırda Hepatit A azalıb, digər xəstəlikləri də yoxlayırıq".