BAKI, 15 fevral — Sputnik. Bu günə qədər Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən 12 570 nəfərə amnistiya tətbiq edilib.
Bu barədə Sputnik Azərbaycan-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proses "8 Noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı çərçivəsində həyata keçirilib.
Amnistiya onlardan 5009-u Penitensiar, 6759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 8138 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 3630 nəfərin isə cəzası azaldılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi 5 noyabr 2021-ci il tarixində "8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: