BAKI, 15 fevral — Sputnik. Fevralın 25-i və 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının otuzuncu ildönümünə həsr ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər (ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi və s.) keçiriləcək, soyqırım şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil olunacaq.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıb. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak oldu, onlardan 63 nəfər uşaqlar, 106 nəfəri qadınlar, 70 nəfəri qocalar olub. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb. Onlardan 76 nəfəri uşaqlardır. 1275 nəfər əsir götürülüb. 150 nəfər itkin düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Prezident: Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq
Milli Məclisdə Xankəndi və Xocalıya dövlət büdcəsindən vəsait ayrılması təklif edildi