BAKI, 15 fevral — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.
Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xatırladaq ki, fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Qeyd edək ki, fevralın 6-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri bir neçə saat ərzində heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.
Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan olmayıb.
Mövqələrimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Mövqelərimiz yenidən atəşə tutulub
Müdafiə Nazirliyindən ermənilərin yalanına cavab
Ermənistan Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub