BAKI, 13 fevral — Sputnik. Azərbaycanın titullu taekvondoçuları Antalyada keçirilən ənənəvi "Turkish Open" beynəlxalq taekvondo turnirində fərqləniblər. Bu barədə Sputnik Azərbaycan xəbər verir.
Türkiyədə keçirilən G2 dərəcəli beynəlxalq turnirdə Azərbaycan 30 idmançı ilə təmsil olunur ki, onlardan da 22-si kişilər, 8-i isə qadınlardır.
Turnirin ilk yarış günündə Azərbaycan yığmasının heyətində olan iki idmançı - Patimat Abakarova (53 kiloqram) və Fəridə Əzizova (67 kiloqram) fərqlənərək bürünc medal qazanıblar.
Qeyd edək ki, Abakarova 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısıdır, Əzizovanın isə dünya və Avropa çempionatlarından medalları var. Əzizova həmçinin 2012-ci ildə Londonda və 2016-cı ildə Rioda keçirilən Olimpiya Oyunlarında çıxış etsə də, mükafat yerləri qazana bilməyib.
Türkiyədə keçirilən beynəlxalq turnirə qayıdaraq qeyd edək ki, kişilər sıralamasında titullu Azərbaycan taekvondoçuları, Rio - 2016 Olimpiya Oyunlarının çempionu Radik İsayev (87 kiloqramdan yuxarı) və ikiqat dünya çempionu Milad Beygi Hərçeqani (87 kiloqram) çıxış edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.