BAKI, 13 fevral - Sputnik. Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, bununla da bütün yarımfinalçılar müəyənləşib.
1/4 finalın son matçında "Zirə" klubu "Səbail"in qonağı olub. "ASCO Arena"dakı qarşılaşma "qartallar"ın inamlı qələbəsi ilə başa çatıb - 3:1.
Görüşdə hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Ruslan Hacıyev uzaq məsafədən baxımlı qola imza atıb. 14 dəqiqə sonra Ağabala Ramazanov tarazlığı bərpa edib. Təmkin Xəlilzadə (39`) penaltidən fərqlənməklə qonaqları önə keçirib. Oyunda son nöqtəni isə Coşqun Diniyev qoyub. Azərbaycan millisinin yarımmüdafiəçisi oyunun 73-cü dəqiqəsində əla zərbə ilə yekun hesabı müəyyənləşdirib.
Beləliklə, ilk görüşdə 4:0 hesablı qələbə qazanmış "Zirə" iki oyunun nəticəsinə əsasən, adını yarımfinala yazdırıb.
Rəşad Sadıqovun baş məşqçi olduğu komanda finala gedən yolda "Neftçi" ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da gerçəkləşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.