BAKI, 12 fevral — Sputnik. Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasındakı tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Gimnastina Federasiyasının Texniki Komitəsinin üzvü Tatyana Şuyska və digər şəxslər iştirak ediblər.
İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Ardınca Şuyska çıxış edib. O, yarışdakı rəsmi şəxsləri, gimnastları və idmançıları salamlayıb: "Bizə yeni qoşulan Hindistan və İranı da salamlamaq mənim üçün xoşdur. Pandemiya günlərində bu yarışların ən yüksək səviyyədə hazırlanması üçün zəhməti olan Bakıdakı Dünya Kubokunun yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkür edirəm".
Mariana Vasileva gimnastları yenidən Bakıda gördüyü üçün şad olduğunu bildirib:
"Pandemiyanın ağır günlərindən sonra yenidən bir yerdəyik. Bu, o deməkdir ki, idman ruhu və qələbə arzusu bütün çətinlikləri dəf etmək üçün bizə stimul verir. Buraya 13 ölkədən 50 idmançı toplaşıb. Gənclər və İdman Nazirliyi adından hamıya uğurlar, can sağlığı və yeni qələbələr arzulayıram. Batut gimnastikası üzrə Dünya Kubokunu açıq elan edirəm".
Son olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Report qeyd edir ki, iki gün davam edəcək yarışda Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.