DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ və Rusiya liderləri arasında növbəti danışıqlar başa çatıb

Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Sputnik
BAKI, 12 fevral - Sputnik. ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.
Bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, telefon danışığı Bakı vaxtı ilə saat 21:06-da yekunlaşıb və 1 saata qədər davam edib. Ağ Ev hələlik danışıqların məzmununu açıqlamayıb.
Bu, Ukrayna böhranının yaranmasından sonra liderlər arasında üçüncü telefon danışığıdır.
Report qeyd edib ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Qeyd edilir ki, ABŞ lideri hazırda Kemp-Deviddəki (Merilend ştatı) iqamətgahındadır.
Putin Baydendən əvvəl Fransa prezidenti Emmanuel Makron və Belarus lideri Vladimir Lukaşenko ilə ilə danışıb.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.
Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Rusiya və ABŞ rəhbərləri arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.
Lavrov və Blinken daha əvvəl nə danışıb
Fevralın 12-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat məqsədi daşıyır.
Bu, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və “Donbass problemini” güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir:
“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton və Brüsselin Rusiya-Amerika müqaviləsi və NATO ilə bizim tərəfimizdən təqdim etdiyimiz təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası bizim üçün əsas, ilk növbədə, alyansın genişlənməməsi və zərbə silah sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi ilə bağlı müddəaları gözardı edir.
Vurğulanıb ki, ABŞ və NATO-dan daxil olan və həmkarların diqqətinə çatdırılacaq sənədlərlə bağlı qiymətləndirməmizin mərkəzində bu məsələlər dayanacaq”.
Sergey Lavrov Avro-Atlantik regionda təhlükəsizliyin bölünməzliyi ilə bağlı ən yüksək səviyyədə götürülmüş öhdəlikləri pozan hərəkətlərin yolverilməzliyini xatırladıb.
Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətlərinin bəzi aktual məsələlərinə də toxunublar.
Həmçinin oxuyun:
Sergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdır
ABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladı
Putinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib