BAKI, 11 fevral — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla telefon danışığı olub. Bu barədə Sputnik Ermənistan xəbər yayıb. Xəbərdə bildirilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Qriqoryan vurğulayıb ki, iki respublika arasında sərhəd hələ sovet dövründən mövcuddur. Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında saziş çərçivəsində tərəflər bu sərhədi tanıyıb, sazişi öz parlamentlərində ratifikasiya edib və qanunvericiliklərinin tərkib hissəsinə çeviriblər.
Telefon danışığı zamanı Qriqoryan və Zas Ermənistanın KTMT-də hazırkı sədrliyi ilə bağlı bir sıra məsələlərə də toxunublar.
Qeyd edək ki, bu günlərdə Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər irəli sürüb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib:
"Lakin torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var".
Nazir bildirib ki, Azərbaycanın Ermənistana cavabında bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyi ifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.