BAKI, 11 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini təsdiq edib.
Sputnik Azərbaycan-ın Anadolu-ya istinadən məlumatına görə, R.T.Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin “Resmi Gazete”də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.
Görüşdə Şura üzvlərindən sabiq baş nazir Binali Yıldırım, Azərbaycan tərəfdən Həsən Həsənov, Qazaxıstandan İkram Adırbek, Qırğızıstandan Mədətxan Şərimkulov, Özbəkistandan Baxtiyor Sayfullayev, eləcə də Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev iştirak ediblər.
Qeyd edək ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.