AZƏRBAYCAN XƏBƏRLƏRİ

Kəndlilər yağış gözləyirlər, amma bulud da qaçaq olub

Suvarılma üçün isə su mənbələrinə yüklənmə çox olduğundan torpaq sahibinə hələ növbə gəlib çatmayıb.
Sputnik
BAKI, 10 fevral — Sputnik. Qərb bölgəsinin aran hissəsində iki aydan artıqdır ki, yağıntı düşmür. İqlimin quraq keçməsi təsərrüfat sahələrində müəyyən işləri görmək üçün əlverişli olmağına baxmayaraq ziyanı daha çoxdur. Hazırda suvarılmasına ehtiyac olan taxıl sahələrində və bağçılıqda vəziyyət heç də ürəkaçan deyil. Fermerlər yaxın günlərdə yağış yağmazsa, məhsuldarlığın 30-40 faiz aşağı düşəcəyini deyirlər.
Tovuz rayonunda hazırda bir çox sahələr vaxtında suvarılmadığından taxıl demək olar ki, cücərməyib. Belə sahələrdən birinin sahibi rayonun Qaraxanlı kənd sakini Fərhad Hümbətov uzun müddətdir yağıntı olmadığından sahədə taxıl çıxmadığını bildirib.
Suvarılma üçün isə su mənbələrinə yüklənmə çox olduğundan torpaq sahibinə hələ növbə gəlib çatmayıb. Təsərrüfat sahibi, belə getsə, məhsulunun batacağını deyir.
Qaraxanlı kənd sakini Fərhad Hümbətov
“6 hektar ərazidə taxıl səpmişəm. Toxumla bir yerdə bir hektara 500 manat xərcim çıxıb. Sulamağı özüm edirəm, onu da pula çevirsəm, 600-700 manat edir. Ümidli idim ki, hər hektardan 4-5 ton taxıl götürəcəyəm. Yağış qoymadı. Belə getsə, 20-25 faiz ola-olmaya. O da yağış yağsa. Yağmasa, yerində məhv olacaq. İş orasıdır ki, bir bulud da yoxdur ki, nəmlilik yarada, salamat qalan toxum cücərsin. Taxıl elə şeydir ki, bir payız beçəsi var, bir yaz beçəsi var. Həmin dövrlərdə su olmayandan sonra məhv olub gedəcək”, - deyə o məlumat verib.
1 / 3

Qərb bölgəsində kəndlilər yağış gözləyirlər

2 / 3

Qərb bölgəsində kəndlilər yağış gözləyirlər

3 / 3

Qərb bölgəsində kəndlilər yağış gözləyirlər

Yağıntının düşməməsi meyvə bağlarına da təsirsiz ötüşmür. Quraqlıq səbəbindən ağaclarda vaxtından əvvəl oyanma gedir, quruyur, eyni zamanda ziyanvericilər üçün münbit şərait yaranır. Torpaq sahibi Mərifət Əsgərov deyir ki, tezliklə yağıntı düşsə, məhsuldarlıq nisbətən yüksələr.
“Fəsadları çoxdur. Hazırkı quraqlıq əkində, bağçılıqda, taxılçılqda özünü göstərir. Havalar həddindən artıq quraq keçdiyinə görə su sarıdan əziyyət çəkirik. Su ehtiyatımız yoxdur. Çox isti keçməyin bağçılığa ziyanı odur ki, ağac tez tumurcuqlayır, martda şaxta olduğu halda məhsuldarlığı aşağı salır. Taxılçılıqda fəsadları odur ki, gecələr 4-5 dərəcə şaxta olduğu üçün taxılın kökünü şaxta yandırır. Ötən ildəkinə baxanda taxılın yaşıllığı yoxdur, quruma gedir”, - deyə M.Əsgərov bildirib.
Mərifət Əsgərov
Fermerlər deyirlər ki, fevral ayının növbəti günlərində yağıntı olmasa, hər hektardan 50-60 sentner taxıl məhsulu gözlədikləri halda bu rəqəm 35-40 sentnerə düşə bilər.
Suvarma prosesinə ay yarım əvvəl start verilsə də, anbarlarda su az olduğundan əksər təsərrüfat sahibləri sahəsini suvara bilməyiblər. Bu səbəbdən onların ümidləri hava şəraitinin yağıntılı olacağına qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bu meyvələrdən əkənləri güzəştli sığorta gözləyir
Azərbaycanda əkinlərin donvurmadan sığortası başlayıb
Rusiya buğdanın bir tonunu 315 dollara ixrac edir