DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda casus qalmaqalı - 19 hərbçi saxlanılıb

Erməni zabitlərini qadınların adına açılmış saxta hesablarla şirnikdiriblər.
Sputnik
BAKI, 10 fevral — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanları tərəfindən yaradılmış və respublika ərazisində fəaliyyət göstərən böyük casus şəbəkəsini üzə çıxarıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunub ki, kəşfiyyat şəbəkəsinə onlarla erməni hərbçi cəlb edilib.
Sosial şəbəkələrdə ifşa olunma riskini azaltmaq üçün erməni qadınların adları və fotoşəkilləri ilə çoxsaylı saxta hesablar açılaraq onlar vasitəsilə xarici kəşfiyyatçıların erməni zabitləri ilə tanışlığı yaradılıb.
Asan qazanc əldə etməyə çalışan erməni zabitlərinə qoşunların yerləşməsi, şəxsi heyətin sayı, texnika, döyüş sursatının həcmi, hərbi hissələrin komandanlıq strukturu, müdafiənin yerləşməsi haqqında məlumatlar ötürmək təklif edilib.
Casus şəbəkəsinin yaradıcıları qeyd olunan məlumatlara sahib olan insanları şirnikləndirə biliblər. Sonuncular mobil proqramlar vasitəsilə özlərində olan, həmçinin xarici xüsusi xidmət orqanlarının tələbi ilə əldə etdikləri məlumatları "kuratorlarına" göndəriblər.
Bildirilir ki, genişmiqyaslı əməliyyat tədbirləri çərçivəsində Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən kəşfiyyatının xeyrinə gizli fəaliyyətlə məşğul olan Ermənistan vətəndaşlarının şəxsiyyətini müəyyən etməyə, habelə onlara ötürülən məlumatların həcmini və xarakterini dəqiqləşdirməyə, habelə onların qarşısının alınmasına nail olublar.
İstintaq zamanı 30-dan çox axtarış aparılıb, cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı sənədlər, əşyalar müəyyən edilərək götürülüb, həmçinin xarici valyutada pulun köçürülməsini təsdiq edən qəbzlər aşkar edilib. Ümumilikdə 19 hərbçi saxlanılıb, onlardan bəziləri artıq cinayəti etiraf ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.