YAZARLAR

Təhsil və tərbiyə: İmmanuel Kant necə aciz qalır?

Zəngin ailələrdə böyüyən, yüksək səviyyəli məktəblərdə təhsil alan ərköyünlər də, nəzarətsiz məktəblərdə keyfiyyətsiz təhsil alanlar da, təhsildən yayınanlar da bu cəmiyyətin övladıdır.
Sputnik
Düşünürəm ki, böyük alman mütəfəkkiri İmmanuel Kantın təhsil, təlim və tərbiyə haqqında fikirləri bu gün də aktualdır. Kant yazırdı ki, “Təlim və tərbiyə heyvan təbiətini insan təbiətinə doğru dəyişikliyə uğradır. Heyvanlar hər şeyi instinktləri vasitəsi ilə edirlər, bundan əlavə, onların hamısına lap əvvəldən müəyyən qədər ağıl verilmişdir. Fəqət insanın fərdi ağıla ehtiyacı var. O, instinktə ehtiyac duymadığına görə özü üçün bir davranış planı formalaşdırmaq məcbuyyətindədir.”
Çox təəssüf ki, son vaxtlar məktəblərimizdə baş verən qalmaqallı hadisələri xatırlayanda övladlarımızın təlim-tərbiyədən məhrum qalıb, heyvani instinktlərlə davrandığını görürük. Bəs bunun günahkarı kimdir? Cəmiyyət, məktəb yoxsa valideyn?
***
Övlad tərbiyəsi valideynlər üçün hər zaman aktual məsələdir. Biz övladlarımızı tərbiyə edərkən əsasən öz təcrübələrimizə, ənənələrə, böyüklərin təcrübələrinə əsaslanırıq. Eyni zamanda təhsil, təlim-tərbiyə haqqında yazılmş kitabları gözdən keçiririk. Övladını daha yaxşı yetişdirmək üçün pedaqoqlara, psixoloqlara etibar edənlər də nəzərəçarpacaq qədər çoxdur.
Bütün bunlara baxmayaraq cəmiyyətimizdə valideyn-övlad, şagird-müəllim münasibətlərində, təlim-tərbiyə və təhsil sahəsində ciddi problemlər var. Müasir valideyn-övlad, müəllim-şagird münasibətləri hansı şəkildə qurulmalıdır ki, övlad tərbiyəsində, təhsildə problemlər, gərginliklər yaşanmasın? Biz övldımızı necə böyütməliyik ki, məktəbdə tərbiyəsizlik edib müəllimini ələ salmasın? Xüsusilə oğlan övladların tərbiyəsindəki boşluqlar nədən və necə yaranır? Hər gün avtobusda, metroda, küçədə rastlaşdığımız gənclərin davranışları barədə daha çox narazılıq, giley eşidirik. "İndiki cavanlar…." gileyi ilə başlayan cümlələri, yəqin ki, siz də mənim kimi tez-tez eşidirsiniz.
***
Modern dünyanın şərtləri başqadır. Müasir yeniyetməni Kantın metodları ilə tərbiyə etmək bir qədər çətindir. İnternet-klublar, oyun salonları, çay evləri, qəlyanxanalar, idman zalları, PUB-lar, kinoteatrlar, müxtəlif əyləncələr övladların tərbiyəsinə birbaşa təsir edir.
Çay evlərində qəlyan tüstüsü ilə "selfi" edən yeniyetmələr bizim evlərimizdə tərbiyə alırlar. Küçədə qızların arxasınca düşüb söz atan "qaqaşlar"ı biz yetişdiririk. Sosial şəbəkələrdə ağzına gələni danışan, mənasız, səviyyəsiz, əxlaqsız videolar çəkib paylaşan yeniyetmələr bizim ailə üzvlərimizdir. Bir sözlə, gənclərimizin davranışlarından, dünyagörüşlərindən, təhsil və tərbiyəsindən biz sorumluyuq. Bu gün hansısa səhv addımına görə qınadığımız məktəbliləri biz yetişdirmişik.
Zəngin ailələrdə böyüyən, yüksək səviyyəli məktəblərdə təhsil alan ərköyünlər də, nəzarətsiz məktəblərdə keyfiyyətsiz təhsil alanlar da, təhsildən yayınanlar da bu cəmiyyətin övladıdır. Və bütövlükdə bu uşaqların, yeniyetmələrin, gənclərin problemi bizim problemimizdir.
Övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olarkən onların seçimlərinə, istəklərinə diqqət yetirməliyik. Onlara geniş şəkildə azadlıq və sərbəstlik verməklə yanaşı, azadlığın və sərbəstliyin əxlaqsızlıq, təbiyəsizlik olmadığını da aşılamalıyıq.
***
Yenə də Kantın fikirini xatırlayıram: “İnsan təhsilə ehtiyac duyan yeganə varlıqdır.” Bəli, insanın təhsilə ehtiyacı var. Müasir dünyayla ayaqlaşmaq üçün, bu kapitalist çılğınlığın burulğanlarından sağ çıxmaq üçün buna daha çox ehtiyacımız var. Bəs ehtiyacımız olanın arxasınca getdiyimiz məktəbdə necə davranmalıyıq? Bunu övladlarımıza öyrədə bilirikmi? Xüsusilə oğlanlarımıza necə nümunə olmalıyıq ki, sabah məktəbdə müəllimə hücum etməsinlər?
Məlum məsələdir ki, oğlanlar daha çox atanı özlərinə nümunə götürürlər. İstər-istəməz, dünyagörüşlü və savadlı atanın oğlu özünü atasına bənzətməyə çalışacaq. Atasının kitab oxuduğunu görən oğul çayxanada qəlyanla şəkil çəkdirib paylaşarmı? Atasının kübar davranışını görən oğul məktəb partasının üstünə ayağını qoyarmı? İstisnalar mümkündür, bunu danmıram. Cəmiyyətdə şairin, aktyorun, alimin oğlunun cinayətkar, avara olduğunu görmüşük. Ancaq istənilən halda övlada yaxşı nümunə olmaq vacibdir. Valideyn-övlad münasibətləri inam, etibar üzərində, səmimiyyət çərçivəsində qurulmalıdır.
***
Gənclərin küçəyə, cinayətkar aləmə, avaralığa meyillənməsinin əsas səbəbi evdə, ailə ortamında xoşbəxt ola bilməmələridir. Oğlunuzu küçədən, mənasız çayxanalardan, sosial şəbəkələrdəki bayağılıqlardan çəkindirmək istəyirsinizsə, ona evdə hüzurlu, güvənli, xoşbəxt mühit yaradın. Onların seçimlərinə, düşüncələrinə hörmətlə yanaşın. Onlara kitabı, oxumağı sevdirin. Bəli, kitab oxumaq çox vacibdir, önəmlidir!
***
“Azadlıq sevgisi insanda təbii olaraq o qədər güclüdür ki, insan azadlığa alışandan sonra hər şeyi azadlıq üçün fəda etməyə hazır olur. Sırf buna görə təlim-tərbiyənin disiplin qismi çox erkən dönəmlərdə yerini almalıdır, çünki bu yerinə yetirilmədiyi zaman daha sonraki mərhələdə şəxsiyyəti dəyişdirmək mümkün olmayacaqdır”. – Bu fikirləri də dahi alman filosofu Kant deyib.
Məhz azadlığı dərk etmək, Kantı anlamaq üçün oxumaq lazımdır. Düşünürəm ki, əlavə izaha gərək qalmır. Əslində hər kəs övladını pisliklərdən qorumağı, düzgün yetişdirməyi bacarmalıdır. Təəssüf ki, laqeyidlik və biganəlik qarşılaşdığımız problemlərin təməlidir. Övlad böyütməyin məsuliyyətini anlamadıqda heç Kant da köməyə gəlmir. Deməli, ən vacibi məsuliyyətdir. Məsuliyyətli valideyn təhsilin önəmini də, təlimin və tərbiyənin vacibliyini də dərk edir.