BAKI, 9 fevral - Sputnik. Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır. Belə bir bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında çıxış edib.
“Biz təkcə dəmir yolu deyil, həm də avtomobil rabitəsinin açılması ilə bağlı təkliflər hazırlayıb Azərbaycan tərəfinə təqdim etmişik. Onlar həmçinin rusiyalı və beynəlxalq tərəfdaşlara da təqdiml edilib”, - deyə Paşinyan bildirib.
Dəmir yolu ilə bağlı danışan baş nazir xatırladıb ki, Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə əldə etdikləri razılaşmalar əsasında Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin bərpasına hazırlıq üzrə işçi qrupu yaradılıb.
Paşinyan baş nazirin müavini Mher Qriqoryanla rusiyalı həmkarı Aleksey Overçuk və "Rusiya Dəmir Yolları"nın baş direktoru Oleq Belozerovun bu yaxınlarda keçirdiyi görüşü xatırladıb:
"İndi yolların bərpası üçün texniki tapşırığın necə tərtib ediləcəyi və gələcək yolun tikintisi üçün vəsaitin tapılması müzakirə olunur. Baş nazir əlavə edib ki, texniki işlərin davam etdirilməsi və dəmir yolu əlaqəsinin hüquqi statusu ilə bağlı əldə olunmuş razılaşmaları de-yure təsbit etmək lazımdır. Bundan sonra beynəlxalq sənəd hazırlanmalı və lazım gələrsə, parlamentdə ratifikasiya edilməlidir”, - deyə Paşinyan fikrini tamamlayıb.
Qeyd edək ki, razılığa əsasən, dəmir yolu onun keçdiyi ölkənin suverenliyi çərçivəsində fəaliyyət göstərməli, sərhəddə gömrük nəzarəti həyata keçirilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: