BAKI, 8 fevral - Sputnik. ABŞ Dövlət katibi Entoni Blinken ilə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkənin Ukrayna ətrafındakı gərginliklə bağlı koordinasiyasını, eləcə də türk-erməni münasibətlərinin normallaşmasını müzakirə ediblər.
Bu barədə ABŞ-ın xarici siyasət idarəsi məlumat yayıb.
"Dövlət katibi Blinken və Xarici işlər naziri Çavuşoğlu sonrakı koordinasiya yollarını və Rusiyanın Ukraynaya yeni təhdidlərinə qarşı NATO-nun birliyini müzakirə ediblər", - məlumatda deyilir.
Blinken vəziyyətin diplomatik səviyyədə yoluna qoyulmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərini xüsusi vurğulayıb.
"Hər iki rəhbər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, eləcə də ABŞ-ın bu səyləri dəstəkləmək üçün əlavə hansı addımlar ata biləcəyi barədə fikir mübadiləsi aparıb. Onlar həmçinin Amerika-Türkiyə arasında olan möhkəm əlaqələrin dəstəklənməsi imkanlarını da nəzərdən keçiriblər", - məlumatda bildirilir.
Bu yaxınlarda Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.