BAKI, 6 fevral — Sputnik. Qırğızıstanın xüsusi xidmət orqanları ölkə prezidenti Sadır Japarovun qohumları və Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) rəhbəri Kamçıbek Taşiyevin yaxın adamları olduqlarını iddia edən bir qrup dələduzu saxlayıb. Bu barədə RİA Novosti-yə DMTK-nın mətbuat xidmətindən məlumat verilib.
"Dövlət orqanlarında sistemli korrupsiyanın aradan qaldırılması istiqamətində aparılan işlərin gedişatında DMTK özlərini Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, onun qardaşı S.N. Japarovun qohumları kimi təqdim edən, həmçinin Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant K.K. Taşiyevlə sıx münasibətlərinin olduğunu bəyan edən şəxslər nəzarətə götürülüb", - deyə mətbuat xidmətinin nüməyndəsi bildirib.
Onun sözlərinə görə, müəyyən edilib ki, həmin şəxslər "Dövlət Gömrük Xidmətinin və Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərini qorxudaraq, xarici iqtisadi fəaliyyətdə iştirak edən ayrı-ayrı subyektlərə, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin idxalçılarına himayədarlıq ediblər".
Hazırda dələduzların saxlanıldığı və onların barəsində cinayət işi açıldığı qeyd olunur.
DMTK vətəndaşları ayıq-sayıq olmağa, özünü vəzifəli şəxs kimi təqdim edən, bu və ya digər məsələnin həlli üçün pul tələb edən dələduzların əməllərinə uymamağa çağırıb.