İQTİSADİYYAT

Azərbaycanda əkinlərin donvurmadan sığortası başlayıb

Azərbaycanın təcrübəsindən yararlandığı Türkiyədə hər il donvurmadan dəyən zərərə görə, böyük məbləğdə sığorta ödənişləri edilir.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Azərbaycanda ilk dəfə olaraq meyvə bağlarının və əkin sahələrinin donvurma -şaxtavurmadan sığortası başlayıb.
Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi artıq donvurma riskini də əhatə edir.
Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli müvafiq qərarları ilə aqrar sığortanın təminat verdiyi risklərin siyahısı bir qədər də genişləndirilib və buraya şaxtavurma riski də əlavə edilib.
"Aqrar sığorta ilə bağlı regionlarda keçirilən görüşlərdə fermerlərin qaldırdığı və ən çox ehtiyac duyulan sığorta risklərindən biri də donvurmadan sığorta idi. Bunu nəzərə alaraq təsərrüfatların effektiv qorunması məqsədilə aqrar sığortanın əhatə dairəsinə bu risk də əlavə edilib", - deyə Aqrar Sığorta Fondundan bildirilir.
Nəticədə fermerlər və əkinlə məşğul olan sahibkarlar meyvə bağlarını və əkinlərini donvurma riskindən güzəştli şərtlərlə sığorta edə bilərlər.
Aqrar sığortanın bütün məhsullarında olduğu kimi, şaxtavurma (donvurma) sığortasında da sığorta haqqının yarısını fermerə dəstək məqsədilə dövlət ödəyir.
Şaxtavurma-donvurma - əkinçilikdə, xüsusilə də meyvəçilikdə təsərrüfatlara ən çox zərər vuran risklərdəndir. Bütün dünyada, o cümlədən Azərbaycanın təcrübəsindən yararlandığı Türkiyədə hər il donvurmadan dəyən zərərə görə, böyük məbləğdə sığorta ödənişləri edilir.
Azərbaycanda şaxtavurma-donvurmadan sığorta, ayrıca sığorta riski kimi nəzərdə tutulub. Əkin sahəsini bu riskdən sığorta etmək istəyən fermerlər onu əlavə ödəniş etməklə baza zərfinə əlavə olaraq ala bilərlər.
Donvurma riski üzrə alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, alça, albalı, çiyələk, zeytun, badam, qoz, fındıq, limon, naringi, portağal bağlarını sığortalamaq mümkündür.
Sığorta tarifləri regionlardan asılı olaraq dəyişir, istənilən halda sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycandan Rusiyaya nə qədər aqrar məhsullar göndərilib? Statistika
Rusiya buğdanın bir tonunu 315 dollara ixrac edir
Rusiya bəzi ölkələrdən meyvə idxalına qadağa qoydu - Bizim bazarımız genişlənirmi?