TƏHSİL

Müəllimlərin psixoloji monitorinqi aparılacaq?

Ekspertin sözlərinə görə, məktəblərdə tədris prosesi təkcə şagirdlərin akedemik biliklərinin artırılmasından ibarət deyil.
Sputnik
BAKI, 5 fevral — Sputnik. Gələcəkdə müəllimlərin psixoloji durumu monitorinq edilə bilər. Sputnik Azərbaycan-a bu məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov verib. O, deyib ki, bu məsələyə ehtiyatla yanaşılmalıdır:
"Psixoloji vəziyyət insana məxsusdur. Bəzən insanlar psixoloqa getməyə çəkinir, bunu mənfi hal kimi qiymətləndirir. Nəzərə almaq lazımdır ki, hamının psixoloji durumunda dəyişiklik ola bilər. Hazırda müəllimlərin psixoloji durumunun öyrənilməsi nəzərdə tutulmasa da, gələcəkdə bu ola bilər. Müəllim də insandır o da müəyyən səhv edə bilər".
İ.Həsənov bildirib ki, hazırda şagirdlərin psixoloji monitorinqinin aparılması gündəmdədir:
"Biz daha sağlam gələcək formalaşdırmaq üçün şagird və müəllim faktoruna diqqət yetirməliyik. Zaman-zaman ehtiyac olarsa, nə lazımdırsa etməyə hazırıq".
Xatırladaq ki, yaxın vaxtlarda şagirdlərin psixoloji pasportları hazırlanacaq. İ.Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərin psixiloji durumu da nəzartdə saxlanılmalıdır. Onun sözlərinə görə, məktəblərdə tədris prosesi təkcə şagirdlərin akedemik biliklərinin artırılmasından ibarət deyil. Onların psixoloji durumu diqqətdə saxlanılmalıdır.
Layihə barədə məlumat verən direktor bildirib ki, bir neçə ay öncə sözügedən layihənin hazırlığına başlanılıb. Son günlər məktəblərdə yaşanan hadisələr isə şagirdlərin psixoloji pasportunun hazırlanmasını daha da aktual edib. O, qeyd edib ki, şagirdlərin psixiloji pasportların yaradılmasına hazırlıq işləri görülür.
Psixoloq
İlkin Həsənov psixoloji pasportların hansı əsaslarla hazırlanacağına aydınlıq gətirib. O bildirib ki, pasportlar məktəb direktoru, sinif rəhbəri və psixoloqun şagird haqqında məlumatları əsasında formalaşdırılacaq:
"Məktəblərdə psixoloq sayının az olduğunu nəzərə alaraq bu işdə onlara sinif müəllimləri də kömək edəcək. Sinif rəhbərləri uşaqların psixoloji durumuna nəzarət edəcək. Davamlı məlumat axını təmin olunacaq. Psixoloq həmin məlumatları bazaya yükləyəcək. Hər bir şagirdin psixoloji durumu barədə bazada ilkin rəy formalaşacaq. Biz psixoloqlara müəyyən alətlər verəcəyik ki, onlar şagirdlərin psixoloji durumunu qiymətləndirsinlər. Beləcə biz elektron sistemə daxil olaraq hər məktəbdə şagirdlərin psixoloji durumu barədə məlumatlar əldə edəcəyik. Bu məlumatlara direktorların da çıxışı olacaq. Hansı şagirdin psixoloji durumunda narahatlıq varsa ona psixoloji dəstək göstəriləcək".
Məlumat sıza bilərmi?
İ.Həsənov qeyd edib ki, bu rəylər valideyn və məktəb üçün önəmli olacaq. Amma şagirdlər barədə psixoloji rəylər konfidensial olacaq. Həmin rəyləri heç bir müəllimlər görə bilməyəcək. Bu rəyləri ancaq psixoloq, məktəb direktoru və aidiyyatı qurumların buna məsul şəxsləri görə biləcək.
Mərkəz direktoru bildirib ki, gələcəkdə hər hansı şagird cinayət törədərsə Daxili İşlər Nazirliyi üçün bu məlumat bazası faydalı ola bilər. Amma bu datadan çox ehtiyatla istifadə olunacaq:
"Bu, şagirdin emosional vəsiyyəti barədədir. Nəzərə alsaq ki, psixoloji durum dəyişəndir, bu zaman bu gün psixoloji durumu yaxşı olmayan şagirdin gələcəkdə vəziyyəti yaxşılaşa bilər".
Mərkəz direktoru deyir ki, psixoloji pasportlarda qeyd olunan məlumatlar gizli saxlanılacaq:
"Kiməsə kağız formasında pasport verilməyəcək. Bu datadır. Bu data şagirdlərlə bağlı daha doğru tədbirlər görməyə imkan verəcək".
Əvvəl Bakı sonra regionlar
İlkin Həsənov əlavə edib ki, layihə ilkin olaraq paytaxt məktəblərində təhsil alan şagirdləri əhatə edəcək. Əgər effektli olarsa respublika üzrə digər məktəblərdə də tətbiq edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Şagirdlərin psixoloji durumu haqda pasport: kim, niyə, necə hazırlayacaq?
Bakı məktəbləri psixoloq axtarır
Mobil telefon dərsi pozur, yoxsa müəllimlərin imicini?