BAKI, 5 fevral — Sputnik. Pərakəndə satışda bananın qiyməti bahalaşıb. Paytaxt alıcılarının sözlərinə görə, bu ayın əvvəlindən qymətlər bahalaşmağa başlayıb.
Sputnik Azərbaycan-ın bazarda apardığı araşdırma zamanı fakt təsdiqlənib. Belə ki, Bakı bazarlarında bananın qiyməti artıb: 2,10 - 2,20 manata satılan bananın qiyməti hazırda 2,90 - 3 manatdır.
Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda olan qıtlıqdır. Alıcılar da hazırda bazardakı bu vəziyyətdən narazıdırlar.
Satıcılar bildirir ki, qiymət artımı uzun çəkməyəcək. Bazarda məhsul bol olduqca bu da öz növbəsində qiymətin enməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, hazırda paytaxtın iri supermarketlərində banan 2,99 manata satılır.
Xatırladaq ki, ötən ilin fevral ayında da Azərbaycanda bananın qiymətində artım baş vermişdi. Həmin ərəfədə pərakəndə satışda 1 kiloqram bananın satış qiyməti 2.20 manatdan 2.50 manata qalxmışdı.
Qiymət daha çox Ekvadorun Dole markalı bananında baş vermişdi. Bu markalı banan daha dadlı və vitaminli hesab edilir.
Həmçinin Rusiyadakı pərakəndə ticarət şəbəkələri Ekvadordan edilən banan idxalında çətinliklərlə qarşılaşmışdı. Buna Ekvadorda məhsuldarlığın aşağı olması, idxalçıların pərakəndə satışa lazımi həcmdə tədarük edə bilməməsi və mövsümi yüksək tələbat səbəb olmuşdu.
Eyni zamanda, Sankt-Peterburq limanında meyvə ilə yüklənmiş bir neçə gəmi boşaltma üçün dayana bilməməsi də banan çatışmazlığına səbəb olmuşdu.