CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan Avropaya yüklər hansı yolla daşınacaq?

Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib
Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Bu yol İran ilə Azərbaycanın da dəmir yolları sistemlərini birləşdirəcək
Sputnik
BAKI, 5 fevral — Sputnik. Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən və İran iqtisadiyyatına böyük töhfə verəcək Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi olduqca vacibdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə verdiyi müsahibədə deyib. O bildirib ki, Finlandiyaya qədər uzanan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu Avropa ilə Asiyanı birləşdirəcək. Yüklərin tranzit daşınmasından yalnız İran deyil, Rusiya və digər region ölkələri də gəlir əldə edəcəklər. İran 164 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisini yekunlaşdırmaq üçün ciddi səylər göstərməlidir.
Səfir nəzərə çatdırıb ki, Çindən, Hindistandan və digər Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən yüklər İrandan tranzit keçərək Rəşt-Astara dəmir yolu ilə Avropaya və əks istiqamətə daşınacaq.
Qeyd edək ki, Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Bu yol İran ilə Azərbaycanın da dəmir yolları sistemlərini birləşdirəcək. İranın Bəndər-Abbas və Çabahar limanına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq. Hazırda Qəzvin-Rəşt yolu istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir.
Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərlərini birləşdirən 8,5 kilometrlik dəmir yolu da inşa olunub. Rəşt-Astara yolu istismara buraxıldıqdan sonra "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti işə salınacaq.