BAKI, 4 fevral — Sputnik. Yaponiya Dövlət Təbii Elmlər İnstitutunun (RIKEN) alimləri dünyanın ən sürətli "Fuqaku" superkompüteri vasitəsilə insanların koronavirusun "omikron" ştamına yoluxması üçün lazım olan şəraiti 100 faiz dəqiqliklə hesablayıblar.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, əldə edilən nəticəyə görə, ştammın daşıyıcısı olan şəxsin maska taxmaması və sağlam insanla 50 santimetrdən yaxın məsafədə ünsiyyətdə olması "omikron"un tam yoluxması üçün kifayətdir.
Qeyd edilir ki, ştammın daşıyıcısı olan şəxs maska taxdıqda onun müsahibini yoluxdurması ehtimalı söhbət bir saata yaxın davam etsə belə 10 faizə qədər düşür.
Alimlər, həmçinin bildiriblər ki, virusa yoluxmuş şəxs maska taxmamışsa, bir metr məsafədə olsa belə, 15 dəqiqədən sonra xəstəliyi həmsöhbətinə ötürmüş olur. Yox, əgər həmin şəxs maska taxmışsa, bu zaman yoluxma ehtimalı sıfıra bərabərdir.
Koronavirusun "omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
"Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.