BAKI, 4 fevral — Sputnik. Ötən gün kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın yaşadığı mənzilin eyvanına çıxması və təhlükəli vəziyyətin yaranmasını əks etdirən video yayılmışdı.
Problem nədən qaynaqlanıb? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bunu araşdırıb.
Komitənin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru ailəyə baş çəkiblər.
Evdə tək qalıb eyvana çıxan azyaşlının ailəsilə müvafiq qurumlar görüş keçiriblər
© Photo : State Committee on Family, Women and Children
Bu barədə Komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, 6 yaşlı uşağın anası A.Ə (şərti) həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib: "Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur, uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır. Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu hal təkrarlanarsa, valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər".
Ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.