HADİSƏ

Azərbaycanda psixiatriya xəstəxanasından 2 nəfər qaçdı

Onlar xəstəxananın inzibati binasının arxa hissəsindən həyətə çıxışı olan qapının qıfılını qıraraq qaçıblar.
Sputnik
BAKI, 4 fevral – Sputnik. Şəki rayon sakinləri - Elsəvər Salehov Mahir Orucov müalicə aldıqları Şəki Rayon Psixiatriya Xəstəxanasından qaçıblar.
Hadisə gecə saatlarında baş verib və xəstələrin xəstəxanadan qaçması müşahidə kameralarına da düşüb. Onlar xəstəxananın inzibati binasının arxa hissəsindən həyətə çıxışı olan qapının qıfılını qıraraq qaçıblar.
Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hər iki xəstə uzun müddətdir ki, orada müalicə alır. Onların biri orta yaşlı, digəri isə gənc xəstədir.

“İki nəfər xəstə gəzinti yerində olan qıfılı qırıb, sonra da xəstəxananı tərk edib. Hadisə barədə dərhal polisə məlumat verdik”, - deyə baş həkim qeyd edib.

DİN-in Şəki Regional Qrupunun əməkdaşı Mahir Məsimov bildirib ki, xəstələrin qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
“Dərhal tədbirlər görüldü və xəstələr tez zamanda mühafizə polisi tərəfindən saxlanaraq xəstəxanaya təhvil verildilər. Xoşbəxtlikdən, xəstələr heç bir xoşagəlməz hal törətməyiblər”,M. Məsimov əlavə edib.
Elsəvər Salehov və Mahir Orucovun müalicəsi xəstəxanada davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.