BAKI, 3 fevral — Sputnik. Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində "Şirinbulaq" adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Yevlax Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.
Qeyd edək ki, dünən prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb.
Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur. Hazırda faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə İsmayıl Mikayılov qoyun otaran zaman baş verib. 26 yaşlı Kəlbəcər sakini ərazidə uzun müddətdir ki, heyvan saxlayırmış. Ötən gün doğmaları onun geri qayıtmadığını görüb İsmayılı axtarmağa başlayıblar. Hadisə haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə mərhumun əmisi Aslan Mikayılov danışıb:
“Xeyli vaxtdır ki, heyvandarlıqla məşğul olurdu. Dünən saat 16 radələri olardı, qoyunlar gəldi, özü gəlmədi. Narahat qaldıq. Başladıq İsmayılı axtarmağa. Qoyun otardığı yerlərə baxdıq. Təxminən saat 6-7 olardı, meyitini gördüm. Baxdıq ki, ermənilərin atdığı mərmi partlayıb, bədəninin bir neçə yerindən xəsarətlər alıb, hadisə yerində də həlak olub. Müharibə vaxtı atılan mərmi olub, əraziyə düşüb, partlamayıbmış. Əsasən başında, sinə nahiyəsində xəsarətləri vardı. Cavan uşaq heyif oldu. İki azyaşlı övladı qaldı”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Kəlbəcər sakini müharibə mərmisinin qurbanı oldu - Təfərrüat