BAKI, 3 fevral - Sputnik. Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, 25 yaşlı hücumçu bu məqsədlə Zaqrebə yollanıb. O, artıq yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Zaqreb "Dinamo"su Xorvatiyanın ən titullu klubu sayılır. "Göylər" 22 dəfə ölkə çempionu, 16 dəfə kubokun sahibi olublar. Paytaxt təmsilçisi bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb və III təsnifat mərhələsində Mahir Emrelinin sabiq klubu Polşa "Legiya"sını iki oyunun yekununda üstələməyi bacarıb - 1:1, 1:0.
Lakin pley-off mərhələsində Moldova "Şerif"i "Dinamo"nu 3:0, 0:0 hesablı hesablarla yenib. Nəticədə Xorvatiya klubu mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirib. Bu turnirdə isə H qrupunda 10 xalla 2-ci yeri tutan Damir Krznarın baş məşqçi olduğu kollektiv 1/8 finalda İspaniya "Sevilya"sına rəqib olub.
"Dinamo" ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.