BAKI, 3 fevral — Sputnik. Macarıstan və Azərbaycan arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün imkanlar və əsaslar çoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında bildirib.
O, ticarət həcminin ötən il 21 faiz artdığını, Macarıstanın ən böyük bankının Azərbaycanla fəaliyyət göstərdiyini, Macarıstanın ən böyük şirkətlərinin Azərbaycana aktiv şəkildə sərmayə yatırdığını vurğulayıb.
"Azərbaycanla ikitərəfli əməkdaşlığımız ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. SOCAR və enerji şirkətimiz arasında danışıqlar gedir. Ümid edirik ki, növbəti il Azərbaycan qazının Macarıstana nəqlinə nail ola biləcəyik. Bunun üçün imkanlar var. Hökumətlərimiz aktiv işləyir", - XİN başçısı qeyd edib.
Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası keçirilib. İclasda iştirak etmək üçün Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə P.Siyartonun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Daha sonra ikitərəfli əməkdaşlığa aid sənədlər imzalanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ilə Macarıstan tərəfinin aidiyyəti rəsmiləri ikitərəfli əməkdaşlığa dair sənədləri imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: