DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin ilə Conson nədən danışdılar

Rusiya Prezidenti Böyük Britaniyanın Baş naziri ilə söhbətində NATO-nun Rusiyanın əsaslı narahatlıqlarına adekvat reaksiya verməyə hazır olmadığını qeyd edib.
Sputnik
BAKI, 2 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilə Böyük Britaniyanın Baş naziri Boris Conson telefon ilə danışıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, onlar Ukrayna ətrafındakı böhran və Rusiyanın təhlükəsizlik zəmanətləri çərçivəsində fikir mübadiləsi aparıblar. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
Rusiya Prezidenti Böyük Britaniyanın Baş naziri ilə söhbətində NATO-nun Rusiyanın əsaslı narahatlıqlarına adekvat reaksiya verməyə hazır olmadığını qeyd edib.
"NATO-nun Rusiyanın əsaslı narahatlıqlarına adekvat reaksiya verməyə hazır olmadığı, bu zaman alyansın "açıq qapılar" adlandırılan və təhlükəsizliyin bölünməsi barədə təməl prinsipə zidd olan siyasətinə istinad etdiyi vurğulanıb", - Kremlin məlumatında deyilir.
Rusiya lideri Consonun diqqətinə çatdırıb ki, Kiyev xroniki olaraq Minsk razılaşmalarını sabotaj edir.
Conson isə Putin ilə söhbətində Rusiyanın Ukrayna ilə sərhəddə fəaliyyətindən dərin narahatlıqlarını çatdırıb. Bu məlumatı Dauninq strit yayıb.
Bildirilir ki, Conson diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin lazım olduğunu vurğulayıb.
Pentaqon isə bu gün bəyan edib ki, yaxın günlərdə Avropaya - Rumıniya, Polşa və Almaniyaya təxminən 2 min hərbçi göndərəcək. Bu barədə qurumun nümayəndəsi Con Kirbi brifinqdə deyib.
Kirbi vurğulayıb ki, hərbçilər bölgəyə "birdəfəlik" göndərilmirlər, bu, Amerikanın regiondakı müttəfiqlərinə dəstək göstərmək məqsədilə edilir.
O həmçinin əlavə edib ki, amerikalı hərbi təlimatçılar Ukrayna SQ-nin əsgərləri ilə işi davam etdirəcəklər. Eyni Zamanda Pentaqon təmsilçisi qeyd edib ki, Amerika Administrasiyası Ukrayna ətrafında yaranan vəziyyətə görə münaqişədən qaçmağın mümkün olacağını düşünür.
"Biz bilmirik, Rusiya Ukraynaya müdaxilə etmək barədə son qərarını veribmi, ancaq aydındır ki, onun belə imkanı var. Ağ Ev və Dövlət Departamentinin tənzimləmə məqsədilə gördüyü diplomatik səyləri dəstəkləməkdə davam edəcəyik. Hesab edirik ki, münqaişə qaçılmaz olacaq", - Kirbi deyib.
Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.