CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaz istismarı və təchizatı ilə bağlı yeni cərimələr gəlir

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir. Qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə cərimələr artırılır
Sputnik
BAKI, 1 fevral — Sputnik. Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

Qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə də cərimələr artırılır

Qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə cərimələr artırılır.
Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcəklər.
Mövcud qanunvericiliyə görə, tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 70 manatdan 100 manatadək, vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilirlər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Dəyişiklik qəbul edilərsə, 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.