BAKI, 31 yanvar — Sputnik. Masallı rayonunda 15 yaşlı qız özündən 13 yaş böyük oğlanla nişanlanıb. Nişanlanma rayonun Təzə Alvadı kəndində baş tutub. Qızın anası Gülnarə Feyziyevanın (Ad və soyad şərtidir) Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə əsasən, “Həri” 2 gün əvvəl olub və oğlan tərəfi sadəcə gətirib yaylıq qoyub gediblər:
“18 yaşı tamam olsun, ondan sonra köçürəcəyik. Amma bilmirdim ki, 18 yaşı tamam olmamış olmaz. Yaylığı qoyarıq, 18 yaşı tamam olandan sonra köçər. Qızımın 15 yaşı fevralın 2-də tamam olur, 16 yaşın içindədir. Oğlan da bizim kəndçimizdir, mən 2 gündür, onları tanıyıram. Qohum deyil, kəndçidir, eyni kənddənik. Gəlmişdi. Özümüz dedik ki, gəlsin görək oğlanı. Yeznənin adı Hikmətdir (ad şərtidir).”
Masallı Rayon İcra Hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov deyə Sputnik Azərbaycan-ın müxbirinə bildirib ki, hadisə barədə eşidən kimi rayon İcra Hakimiyyətinə rəsmi arayış göndərilib:
"Rayon Polis Şöbəsinə rəsmi məktub göndərdik və onları xəbərdar etdik ki, belə bir fakt aşkarlanıb”.
F.Məmmədovun sözlərinə görə Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin nümayəndələri birlikdə hər iki valideynin evində olublar və bu neqativ halın baş verməsinə görə onları məzəmmət ediblər:
“Bildirmək istəyirəm ki, qızın anası əvvəllər evli olmuş, Lənkəran rayonunun Ürgə kəndinə gəlin köçmüşdür və rəsmi nigah qeydiyyatı olub. Buna baxmayaraq 2018-ci ildə rəsmi boşanma olub. Son 4 ildə atası evinə gəlib və atasına məxsus olan evdə yaşayaraq özünə ata həyətində kiçik bir ev tikmişdir. Qızın anası təhsilsizdir və biz onu başa salanda ki, bu neqativ hala yol vermək olmaz, o da fikrini bildirdi ki, düzdür. Ona görə də burada keçirilən hər hansı bir nişan mərasimi, el arasında desək, ad qoyma mərasimini bu gün ləğv edib. Qıza oğlan tərəfindən gələn bütün əşyaları geri qaytarır. Heç bir toy mərasimi keçirilmir. Sadəcə valideynləri danışdıranda məlum oldu ki, onlar qızın 18 yaşının tamam olmağını gözləyir. Onu da qeyd edim ki, 15 yaşlı Səmayə Verdiyeva (Ad şərtidir) Lənkəran şəhərində yaşadığı müddətdə təhsildən yayınıb. Bizim kəndə gələndən sonra, biz məlumatlandıqdan sonra ərazi nümayəndəliyinin köməyi ilə Masallı rayon Təzəkənd kənd 2 saylı məktəbin rəhbərliyinə müraciət edilib və qızın təhsildən yayındığını bildikdən sonra onu fərdi təhsilə cəlb etmişik. Hal-hazırda fərdi təhsil alır, dərsə davamiyyəti normaldır. Nişanlanan 1994-cü il təvəllüdlü Hikmət Heydərovun (Ad, soyad şərtidir) atası yoxdur, ailə başçısı isə anasıdır. Onu danışdıranda o başa düşdü ki, qızlar 18 yaşına çatandan sonra evlənirlər. Odur ki, qadın oğluna istədiyi qızı ad edib, 18 yaşına qədər gözləyəcək və sonra da qohum olacaqlar”.
Bildirək ki, Masallıda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinin, Masallı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Sputnik Azərbaycanın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən aparılan araşdırmaların nəticəsində məlum olub ki, Hikmət Heydərov (Ad, soyad şərtidir) valideynləri rayonun Təzə Alvadı kənd sakini, 2007-ci il təvəllüdlü Səmayə Verdiyeva (Ad, soyad şərtidir) evinə elçi gediblər.
Valideynləri azyaşlı qızın elçi düşən oğlanla nişanlanmasına icazə veriblər. Bundan sonra hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb və qızın 18 yaşı tamam olmayınca toy mərasiminin keçirlməməsi ilə bağlı izahatları alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: