SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Müxalifət fəaliyyəti haqqında" qanun qəbul edilsin - Deputat

Parlamentin bugünkü iclasında deputatlar bir sıra təkliflərlə çıxış ediblər. "Sosial şəbəkələr haqqında" qanunun qəbul edilməsi də təklif olunub.
Sputnik
BAKI, 1 fevral — Sputnik. Milli Məclisin plenar iclasında deputatlar bir sıra təkliflər irəli sürüblər.
Sputnik Azərbaycan xəbər verir ki, deputat Fazil Mustafa "Müxalifət fəaliyyəti haqqında" qanunun qəbul edilməli olduğunu deyib. O bildirib ki, Azərbaycanda müxalifətin fəaliyyəti dəqiq müəyyən edilməyib: "Bu qanunun qəbul edilməsi çox vacibdir. Biz bununla bağlı təklifləri hazırlayıb təqdim etmişik".
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbuluna ehtiyac var: "Mövcud qanun siyasi həyatı tam əhatə etmir. Partiyaların qeydiyyatı, maliyyələşməsi, seçki qərargahlarının yaradılması məsələsi yeni qanunda əksini tapıb. Əhalinin də sayı artıb, bu da nəzərə alınmalıdır. Hazırda siyasi partiya bir məhəllədən 100 səs toplayıb, qeydiyyatdan keçə bilər. Digər tərəfdən, partiyalara ianələrin köçürülməsi onlayn qaydada həyata keçirilməlidir. Bilinsin ki, partiyalara kim pul köçürür. Xaricdə partiyaların tərəfdarlarının sayı köçürülən pulla ölçülür".
Deputat Elman Nəsirov isə "Sosial şəbəkələr haqqında" qanunun qəbul edilməsini təklif edib. Deputat deyib ki, sosial şəbəkələrdə söyüş baş alıb gedir: "Belə insanları məhkəməyə verməkdən də çəkinirsən ki, yeni qondarma siyasi məhbus icad edəcəklər".
E.Nəsirov əlavə edib ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbuluna da ehtiyac var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.