CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Musa Quliyev: Çoxmənzilli binalarda xidmət tarifləri dəqiqləşməlidir

Bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manatadək, bəzən isə 1 manatdan çox olur. Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil
Sputnik
BAKI, 1 fevral — Sputnik. Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmət tarifləri dəqiqləşməlidir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
Millət vəkili qeyd edib ki, bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manata qədər, bəzən isə 1 manatdan yuxarı olur: "Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Qanunvericilikdə bu məsələyə aydınlıq gətirilməlidir. Tariflərin müəyyən edilməsinin normaları təyin edilməlidir və xidmətin keyfiyyəti yoxlanılmalıdır".
Deputat mənzil istismar sahələrinin funksiyalarının genişləndirilməsini və onların bələdiyyələrin tərkibinə verilməsini də təklif edib.

Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbulu təklif edilib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli isə çıxış edərək Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbulunu təklif edib: “Bir il ərzində həmin sənədləri qəbul etsək, bu, qarşıdakı illərdə neftdən asılılığın azaldılması, dayanıqlı inkişafın təmin edilməsi üçün dayanıqlı qanunvericilik bazasının formalaşdırılmasını təmin edəcək. Yeni dövr bir aydan sonra neftin qiymətinin necə olacağını proqnozlaşdırmağa imkan vermir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi də yeni bir sənəd hazırlayıb və bu sənəd də parlamentin müvafiq qurumları ilə müzakirə olunacaq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.