BAKI, 1 fevral - Sputnik. Prezidentimizin tapşırığı ilə biz Azərbaycan Ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq.
Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyənin bu istiqamətdə Azərbaycana böyük dəstəyi var: "Biz bu istiqamətdə xeyli yol keçmişik".
"Milli müdafiə nazirinə bir daha təşəkkürümü bildirirəm, o, bizi bütün məsələlərdə dəstəkləyir. Əminəm ki, qısa zamanda Azərbaycan ordusu öz döyüş qabiliyyətini artıracaq və ordu ilə birgə fəaliyyətə hazır olacaq", - Z.Həsənov vurğulayıb.
Azərbaycan və Türkiyə ordusunun gücləndirilməsi digər ölkələrə təhdid deyil
Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə deyib ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi digər ölkələr üçün təhlükə deyil.
"Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın gündən-günə irəliləməsindən də çox məmnunuq. “İki dövlət, tək millət” olan Azərbaycan və Türkiyənin Qafqazda barış və sabitliyin təmin edilməsi üçün əlindən gələn səyi göstərdiyini hər kəs görür. Arzumuz bir an əvvəl barışa, sabitliyə qovuşaraq hamının etibarlı və rifah içində yaşayışını davam etdirməsidir”, - Türkiyənin milli müdafiə naziri qeyd edib.
"İndiki mərhələdə Qarabağda görüləsi çox iş var. Kənd təsərrüfatından heyvandarlığa, sənayedən yollara qədər intensiv iş və tikinti gedir", - Akar deyib.
O qeyd edib ki, azərbaycanlı həmkarı ilə qarşılıqlı danışıqlar yolu ilə irəliləyişin necə olacağını, bunun müdafiə və təhlükəsizliyə təsirini müzakirə ediblər.
"Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir. Bu sənəd istiqamətində apardığımız işlər var", - Hulusi Akar deyib.
"Hərbi təlim və əməkdaşlıqla bağlı araşdırmalarımız davam edir. Araşdırmalarla müdafiə sənayesi və silahlı qüvvələrimizin təchizatı ilə bağlı nələr edə biləcəyimizi müzakirə edəcəyik. Bu mövzularda mühüm addımlar atmışıq və atmaqda da davam edirik”, - o, əlavə edib.
Ermənistana uzadılmış sülh əli var
Türkiyənin milli müdafiə naziri Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan işləri belə qiymətləndirib:
"Ermənistana uzadılmış sülh əli var. Biz gözləyirik və ümid edirik ki, bu sülh əlinə qiymət veriləcək. Bu yolla biz sülhün təmin olunmasına çalışırıq".
Akar əlavə edib ki, bu sülh nəticəsində firavanlıq təkcə Azərbaycan və Ermənistanda deyil, bütün Qafqazda hökm sürəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: