İDMAN

Şəhriyar dünya reytinqində ilk dördlüyün astanasındadır

Final raunduna qədər Məmmədyarovun aktivində 7,5 xal var və o, açıq şəkildə ikinci yeri tutur.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov dünya şahmat reytinqinin ilk dördlüyünə düşə bilər.
Sputnik Azərbaycan xəbər verir ki, Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turniri başa çatmaq üzrədir. Sondan əvvəlki raundda Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Vidit Santoş Qucrati 38-ci gedişdə məğlub edib. Final raunduna qədər Məmmədyarovun aktivində 7,5 xal var və o, açıq şəkildə ikinci yeri tutur.
Turnirin vaxtından əvvəl qalibi dünya çempionu Maqnus Karlsen olub, o, bir gün əvvəl Fabiano Karuananı məğlub edib və rəqiblər üçün əlçatmaz olub.
Karlsenin 8,5 xalı var və son turda o, avtomatik olaraq bir xal alacaq, çünki o, rusiyalı Daniil Dubovla oynamalı idi, lakin sonuncu koronavirus testinin nətiəcsinin müsbət çıxması səbəbindən turniri tərk edib.
Sonuncu qələbədən sonra Məmmədyarov 2775,8 xal toplayaraq hazırkı dünya reytinqinin beşinci pilləsinə yüksəlib.
Şəhriyarı Fabiano Karuananın (ABŞ) tutduğu dördüncü yerdən altı xal ayırır. Amma son turda Məmmədyarov və Karuana üz-üzə gələcək və əgər bazar günü, yanvarın 30-da azərbaycanlı qrossmeyster amerikalıya qalib gəlsə, dünya reytinqində onu keçərək dördüncü pilləyə yüksələ bilər.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıtda anadan olub. Sumqayıtda 23 nömrəli məktəbi bitirib.
O dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır.
2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub.
Şəhriyar Məmmədyarov bu uğura imza atmış müsəlman ölkəsindən olan ilk idmançı kimi də tarixə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanlı şahmatçı FIDE reytinqinin ilk onluğunda yer alıb