MƏDƏNİYYƏT

Azərbaycanın ən yaxşı səsi indi odur - VİDEO

Yarışın qalibi "Azərbaycanın səsi" heykəlciyi və 25 min manat pul mükafatının sahibi olub.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Şənbə gecəsi "Səs Azərbaycan" vokal müsabiqəsinin böyük finalı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova Emil Tağıyev, Xalq artisti Tünzalə Ağayeva Hidayət Əliyev, müğənni Eldar Qasımov Nadir Rüstəmli və Murad Arif Leyla İzzətova ilə birincilik uğrunda birgə yarışıblar.
Dörd ustad tərəfindən seçilən ifaçılar canlı yayımda qalib olmaq üçün mübarizə aparıblar.
Müsabiqənin qalibi isə səs çoxluğu ilə Eldarın komandasında yarışan Nadir Rüstəmli olub. O, "Azərbaycanın səsi" heykəlciyi və 25 min manat pul mükafatının sahibi olub.
Məlumat üçün bildirək ki, N.Rüstəmli Azərbaycan Turizm və Menecment Universitetinin məzunudur. O, müğənniliklə yanaşı, şəxsi bizneslə məşğuldur. Nadir 2019-cu ildə "Youthvision" beynəlxalq tələbə mahnı müsabiqəsində Azərbaycanı təmsil edib.
Nadirin ifa etdiyi mahnını ilk dəfə 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə oxuyublar. Azərbaycanı "Eurovision-2008" beynəlxalq mahnı müsabiqəsində təmsil etdiyi "Day After Day" (azərb. Günbəgün‎) mahnısının musiqisi Gövhər Həsənzadəyə, sözlər isə Zəhra Bədəlbəyliyə məxsusdur.
Qeyd edək ki, "The Voice of Azerbaijan" müsabiqəsi ölkəmizdə ilk dəfə 2015-ci ildə həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.