BAKI, 28 yanvar — Sputnik. Növbəti tədris ili başlanana qədər yeni nümunəvi qaydaların təqdimatı olacaq.
Bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi, ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər ötən ilin yayından etibarən başlayıb.
O qeyd edib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.
Şagirdlərin də öhdəliyi var
Bu arada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son günlər sosial şəbəkələrdə məktəblərdə şagirdlərin müəllimlərə qarşı hörmətsiz davranışlarını əks etdirən görüntülərə münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, o deyib ki, bu, məsələnin görünən tərəfidir.
"Bəlkə də oxşar hadisələr olur və biz bundan xəbər tutmuruq. Yaxud da hadisələr olur və qarşısı dərhal alınır", - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.
B.Muradova müəllim və valideynlərə çağırış edib:
"Yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki, bəlkə də onlar bunu qəhrəmanlıq kimi qəbul edirlər. Burada ailənin, cəmiyyətin, məktəbin və dövlət orqanlarının əlaqəli işi olmalıdır ki, belə hadisələrin qarşısını alaq, baş verdiyi halda onun nəticələrinin daha zərərsiz olması üçün çalışaq. Bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur. Biz də töhfə verməyə çalışırıq.
Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət buna töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var. Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır. Düşünürəm ki, konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır".
Xatırladaq ki, bir neçə gün öncə 165 nömrəli tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü yayılmışdı. Bu gün Bakı məktəblərinin birində buna bənzər daha bir görüntü yayılıb.
Müəllimə qarşı hörmətsiz davranışlara yol verən üç nəfər 9-cu sinif şagirdi polis tərəfindən 3 illik profilaktik uçota götürülüb. Məktəbin direktoru Vüqar Məmmədov bildirib ki, müəllimə etik davranış qaydalarını pozduğuna görə töhmət verilib.
O əlavə edib ki, təşkilatçı müavin və direktor müavini haqqında da xüsusi təqdimat yazılıb. Direktor həmçinin qeyd edib ki, məktəbdə qeyri-etik hərəkət edənlər 9-cu sinifdə təhsil alır, onlar xüsusi risk qrupuna aid şagirdlərdir. Onun sözlərinə görə, bu şagirdlərin ilk belə tərbiyəsiz davranışı deyil.
BŞTİ-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda isə bildirilib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi, uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Eləcə də oxuyun:
* Səs yazısını yayan müəllim: "Direktor qarşıma şərt qoydu" - VİDEO/FOTO