CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mollalara bəd xəbər: Azərbaycanda nəzir qutularına nəzarət ediləcək

İanələr nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul ediləcək.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. Dini qurumlara ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Yəni, bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklikləri şərh edərkən belə deyib.
O qeyd edib ki, bununla bağlı müəyyən qaydalar hazırlanacaq. Həmin qaydalar vasitəsilə də ianələrin forması müəyyənləşdiriləcək.
Deputat vurğulayıb ki, qanuna təklif edilən dəyişikliklə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək:
"Bildiyiniz kimi hazırda ölkədə dini durumla bağlı siyasəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yəni, Dövlət Komitəsinin müəyyən etdiyi orqan da bu funksiyanı yerinə yetirəcək. Qanuna təklif olunan dəyişikliklər ianələrin həm nağd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur.
Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək. Cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedir. Hazırda ölkəmizdə "YAŞAT" Fondunun nümunəsi var. Hesab edirəm, belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik".
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcək. "Report"
Məlumat üçün bildirək ki, hazırda məscidlər, pir və digər ziyarətgahlarda nəzir qutularına nəzarət həmin ibadət ocağının axundu tərəfindən aparılır. Bu pulun həmin ibadət ocaqlarında çalışan işçilərin, eləcə də yardım üçün müraciət edən imkansız insanlara xərcləndiyi bildirilir.
Həmçinin oxuyun:
Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edəcək