BAKI, 27 yanvar — Sputnik. İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları üzrə daşımalara cəlb edilən nəqliyyat vasitələri GPS naviqasiya sistemi ilə təchiz edilib. Bu barədə Sputnik Azərbaycan-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Məqsəd avtobusların marşrut üzrə hərəkətinə və digər texniki-təhlükəsizlik parametrlərinə real vaxt rejimində nəzarətin təmin edilməsidir. Sistemin fəaliyyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada nəzarət həyata keçirilir.
Qeyd edək ki, bu ilin yanvar ayının 24-də Şuşa və Ağdama ilk müntəzəm avtobus reysləri təşkil olunub. Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev bildirib ki, azad olunmuş ərazilərə, Bakıdan Şuşaya və Ağdama iki reys, 4 reys isə Əhmədbəylidən xəttə çıxıb. Onun sözlərinə görə, ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq. Qurum rəhbəri onu da qeyd edib ki, bu marşrutlar üzrə biletlər satışdadır:
"Ağdam və Şuşa üzrə sərnişin avtobuslarına aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək".
A.Rzayev bildirib ki, bundan sonra da, Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək. Biletlərin satışı onlayn, açıqlanan qaydalara uyğun həyata keçiriləcək.
Onu da xatırladaq ki, artıq bu ilin yanvar-fevral ayları üzrə Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinə biletlər tam satılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu istiqamətdə ümumilikdə 1000-ə yaxın bilet satışı həyata keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, həmin istiqamətə hərəkət etmək istəyən sərnişinlər həftədə 4 dəfə təşkil edilən Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarından istifadə edə bilərlər:
"Bakıdan və digər ərazilərdən Əhmədbəyliyə səfər etməkdə heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar ya şəxsi avtomobilləri, ya da digər vasitələrlə Əhmədbəyliyə gedib oradan təşkil edilən reys vasitəsi ilə Şuşaya səfər edə bilər. Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir".
Məlumat üçün bildirək ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: