BAKI, 27 yanvar - Sputnik. "Qəbələ" futbol klubu gənc rusiyalı hücumçunu heyətinə qatıb.
Ölkə çempionatında turnir cədvəlində ikinci yeri tutan "Qəbələ" 18 yaşlı rusiyalı futbolçu Bilal İsmayılovla müqavilə imzalayıb.
Bilal Peterburq futbol məktəbinin yetirməsidir. O, bu şəhərin bir neçə futbol klubunun gənclər komandasında oynayıb. Sonuncu klubu isə "Zvezda" olub.
"Zvezda"nın tərkibində İsmayılov 12 oyuna çıxıb və bir qol vurub. Ümumilikdə isə Sankt-Peterburqda şəhər yarışlarında İsmayılov 69 oyuna çıxıb və 12 dəfə fərqlənə bilib.
Bu günlərdə "Qəbələ" Antalyada mövsümlərarası toplantılarını yekunlaşdırıb. Sonuncu, Çexiyanın "Bohemians" klubu ilə yoxlama oyunu qəbələlilər üçün məğlubiyyətlə bitib - 1:3.
Azərbaycan Premyer-Liqasının birinci yarısından sonra "Qəbələ" 26 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. O, yaxın təqibçisi "Neftçi"ni dörd xal qabaqlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.