AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edəcək

Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini icma öz dini fəaliyyətini dayandırmayacaq.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.
Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər".
Digər dəyişikliyə əsasən, Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini icma öz dini fəaliyyətini dayandırmayacaq.
Dəyişikliklə qanun 8-ci maddəsinin VII hissəsi ləğv edilir.
Report-un yazdığına görə, qanunun hazırkı variantı belədir: "Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır".