BAKI, 25 yanvar — Sputnik. Şimal bölgəsinin bazarlarında fındığın qiyməti 30 faizədək ucuzlaşıb. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, hazırda fındıq son illər ərzində ən aşağı qiymətə satılır.
Təsərrüfatçılar istehsal etdikləri fındığı qəbul məntəqələrinə maksimum 3 manat 80 qəpiyə sata bilirlər. Halbuki ötən il qiymət 5-6 manat civarında idi.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Rayondakı 10 min hektara yaxın fındıq bağının 5 min 271 hektarından məhsul toplanılır.
Xaçmazın fındıq bağlarından ötən il 7 min 268 ton fındıq istehsal edilib. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.
Bu mövsüm fındığın məhsuldarlığı torpaq mülkiyyətçilərini ürəyincə olsa da, satış qiyməti onları qane etmir. Bir çox təsərrüfatçılar toplanan məhsulu adətən anbarlarda saxlayıb qiymət bahalaşandan sonra, yəni dekabr-mart aylarında satırlar. Bu il isə qiymətlər gözlənilənin əksinə daha da ucuzlaşıb.
Fındıq qəbulu məntəqələrində qiymətin ucuzlaşmasını məhsulun xarici bazardakı qiyməti ilə əlaqələndirirlər.
Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir.
Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: